“Patriot” ehtiyatı tükənir
“Bloomberg” agentliyi mənbələrə istinadla yazır ki, Avropa ölkələrinin ordularında “Patriot” zenit-raket kompleksləri üçün PAC-2 və PAC-3 raket-tutucularının ehtiyatı minimuma düşüb. Agentliyin məlumatına görə, ordular ABŞ şirkətlərindən əvəzinin göndəriləcəyinə dair möhkəm zəmanət almadan onları Ukraynaya vermək istəmir.
“Raytheon” və “Lockheed Martin” şirkətlərinin istehsal etdiyi bu raketlərə qıtlıq ABŞ-nin 2026-cı il fevralın 28-də İrana hücumundan bəri müşahidə olunur. “Bloomberg” yazır ki, ABŞ Ukraynaya bu raketlərin istehsalı üçün lisenziya verməyib. Avropanın ən böyük istehsalçılarının fevralda elan etdiyi ucuz hava hücumundan müdafiə vasitələri planlarından da hələlik nəticə yoxdur.
Agentliyin məlumatına görə, Kiyev 2027-2028-ci illərdə Almaniyada istehsal olunacaq 600 PAC-2 raketi almalıdır. Prezident Volodimir Zelenski noyabrın 7-də Rusiyanın gecə atdığı 36 ballistik raketdən yalnız dördünün vurulduğunu, səbəbin “Patriot” üçün raket-tutucuların ciddi çatışmazlığı olduğunu demişdi.
Bu xəbər Rusiyanın Ukraynanın energetika sisteminə zərbələrini artırdığı və Əbu-Dabidə noyabrın 10-11-də Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin danışıqlarının keçiriləcəyi vaxta düşüb. Ukrayna tərəfi əvvəllər də çatışmazlığı ilk növbədə ABŞ-nin aradan qaldıra biləcəyini bildirib.


