Kapitanın son oyunu

Azərbaycan futbol millisinin kapitanı, 34 yaşlı yarımmüdafiəçi Emin Mahmudov noyabrın 16-da Andorra ilə keçiriləcək yoldaşlıq görüşündə milli komandanın formasını sonuncu dəfə geyinəcək. Mahmudov millidə keçirdiyi 65 oyunda 16 qol vurub, 3 məhsuldar ötürmə verib.

Baş məşqçi Ayxan Abbasov qarşılaşmanın Emin Mahmudova həsr olunacağını bildirib. Mahmudov isə son oyunundan əvvəl deyib: “Bir qədər həyəcanlı olacağam. Çünki bu, millidə son oyunum olacaq. Hər matçda olduğu kimi, yenə qələbə qazanmaq üçün meydana çıxacağıq. Yaxşı oyunla yadda qalmağa çalışacağam”.

Azərbaycan millisi Andorranın Enkamp şəhərindəki oyunda rəqibini 3:1 hesabı ilə məğlub edib. Qolları Eşqin Əhmədov (3-cü dəqiqə), Musa Qurbanlı (47) və penaltidən Toral Bayramov (70) vurub, Andorranın yeganə qolunu 55-ci dəqiqədə Riçard Fernandes vurub. Bu, millinin ilin son oyunu idi. Ondan əvvəlki oyunda Azərbaycan UEFA Millətlər Liqasında Lixtenşteyni səfərdə 1:0 hesabı ilə udmuşdu.

Leave A Reply