Badamdarda təxliyə təklifi
Bakının Səbail rayonundakı Badamdar-20-ci sahədə torpaq sürüşməsi aktivləşib. Fövqəladə Hallar Nazirliyinin APA-ya verdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə növbəti baxış zamanı Badamdarda sürüşmə prosesinin hazırda aktiv fazada olduğu müəyyən edilib.
Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi sürüşmənin daha da aktivləşə biləcəyini nəzərə alaraq aidiyyəti dövlət qurumlarına ərazidəki insanların təhlükəsiz yerə təxliyə edilməsi və yaxınlıqdakı obyektlərin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması üçün rəsmi müraciət edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi də bildirib ki, mütəxəssislərin apardığı monitorinq nəticəsində ərazidə sürüşmənin aktivləşdiyi və çatların genişləndiyi müəyyən edilib. Badamdar Bakının Səbail rayonunda, dənizə baxan yamacda yerləşən yaşayış massividir. Badamdarda sürüşmə sahəsində monitorinq davam edir.


