Əlillik pensiyası üçdə bir azalıb

Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2027-ci il büdcə layihəsinə verdiyi rəydə 2020-2026-cı illərdə Azərbaycanda 65 və daha yuxarı yaşda olanların sayının 50,4 faiz artdığını, eyni vaxtda əmək pensiyası alanların sayının isə azaldığını bildirib. Rəyə “Abzas Media” diqqət çəkib.

Rəyə görə, 2021-ci ilin əvvəlində 1 milyon 228 min 829 nəfər əmək pensiyası alırdısa, 2026-cı il iyulun 1-də bu say 1 milyon 99 min 979 nəfərə düşüb, yəni 128 min 850 nəfər və ya 10,5 faiz azalıb. Ən böyük azalma əlilliyə görə pensiya alanlar arasındadır: onların sayı 128 min 622 nəfər və ya 34,4 faiz azalıb. Yaşa görə pensiya alanların sayı cəmi 197 nəfər, ailə başçısını itirməyə görə pensiya alanların sayı isə 31 nəfər azalıb.

Eyni dövrdə ölkə əhalisi 2,9 faiz artaraq 2026-cı ilin əvvəlinə 10 milyon 262 min 400 nəfərə çatıb. 0-19 yaşlıların sayı 4,6 faiz azalıb, 20-64 yaşlıların sayı 0,9 faiz artıb.

Son illərdə əlilliyin müəyyən edilməsi qaydaları dəyişdirilib. Vətəndaşlar, o cümlədən İkinci Qarabağ müharibəsi iştirakçıları yeni qaydaların əlillik statusu almağı çətinləşdirdiyindən şikayət edir; rəsmilər isə dəyişiklikləri subyektiv qərarların və qanun pozuntularının qarşısını almaq zərurəti ilə izah edir. Pensiya yaşı da mərhələli artırılaraq kişilər üçün 2020-ci il iyulun 1-dən, qadınlar üçün 2026-cı il iyulun 1-dən 65 yaşa çatdırılıb.

Leave A Reply