TRIPP tikinti mərhələsində

ABŞ prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 23-də ayrı-ayrı videobəyanatlarda “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsinin icra mərhələsinə başlandığını elan ediblər. TRIPP Azərbaycanın əsas hissəsini Ermənistan ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirməlidir.

Paşinyanın sözlərinə görə, Ermənistanın Sünik vilayətində tikintiyə hazırlıq işləri başlayır. Ermənistanın dövlət televiziyası tranzit dəmir yolunun keçəcəyi ərazinin buldozerlərlə təmizlənməsinin görüntülərini yayıb. Paşinyan xalqa müraciətində TRIPP-i Ermənistanın müstəqillik qazandıqdan sonra həyata keçirdiyi ən böyük iqtisadi proqram adlandırıb. O, layihənin dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət əsasında həyata keçiriləcəyini, Ermənistanın xarici bazarlara çıxışını asanlaşdıracağını və ölkənin təhlükəsizliyinə də müsbət təsir edəcəyini deyib.

Tramp bəyanatında Paşinyanı “cəsarətli liderliyinə” görə təbrik edib və onun Azərbaycanla 35 ildən çox davam edən münaqişəyə son qoymaq üçün sülh yolunu seçdiyini deyib. ABŞ prezidentinin sözlərinə görə, TRIPP çərçivəsində ABŞ ilə Ermənistanın tərəfdaşlığı regionda ticarət, enerji daşınması və səyahət üçün yeni yollar açacaq. Tramp İlham Əliyevə və Nikol Paşinyana sülh prosesindəki iştiraklarına görə təşəkkür edib, Paşinyanı 2027-ci ildə Ağ Evə dəvət edib.

Tramp həmçinin “tamamilə yeni TRIPP İnkişaf Şirkəti”nin fəaliyyətə başladığını açıqlayıb. “Azadlıq Radiosu”nun yazdığına görə, bu şirkət hələ tam formalaşmayıb və dəmir yolu, avtomobil yolu, enerji xətləri və digər infrastruktur üçün özəl sərmayə cəlb etməyib. Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun baş müşaviri Arye Laytstoun Yerevanda Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

TRIPP 2025-ci il avqustun 8-də Vaşinqtonda İlham Əliyev, Nikol Paşinyan və Donald Trampın görüşündə əldə olunan razılaşmalardan biridir. Həmin görüşdə Azərbaycanla Ermənistan arasında sülh sazişi paraflanıb. Layihə Sünik vilayətindən keçən təxminən 42 kilometrlik marşrut boyunca dəmir yolu, avtomobil yolu, enerji və kommunikasiya infrastrukturunu nəzərdə tutur.

Leave A Reply