Bakının şərti layihədən çıxıb

Ermənistan hökuməti noyabrın 23-də yeni Konstitusiya layihəsini dərc edib. BBC-nin Azərbaycan xidmətinin məlumatına görə, hazırkı Konstitusiyadan fərqli olaraq layihənin preambulasında 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad yoxdur. Layihə xüsusi yaradılmış saytda dərc olunub və qəbul edilməsi üçün ümumxalq referendumu keçirilməlidir.

Müstəqillik Bəyannaməsi Ermənistan SSR Ali Soveti ilə Dağlıq Qarabağ Milli Şurasının 1989-cu il dekabrın 1-də qəbul etdiyi və Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsini nəzərdə tutan birgə qərara istinad edir. Azərbaycan bunu Ermənistanın Qarabağa ərazi iddiası sayır və bəyannaməyə istinadın Konstitusiyadan çıxarılmasını sülh sazişini imzalamaq üçün şərt kimi irəli sürür. Yeni layihənin preambulasında Konstitusiya erməni xalqının beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində müstəqil, dinc və firavan dövləti qorumaq barədə kollektiv razılığı kimi təsvir olunur.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov həmin gün Bakıda İtaliyanın xarici işlər naziri Antonio Tayani ilə birgə mətbuat konfransında layihəni şərh etməkdən imtina edib və bunun Ermənistanın daxili işi olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan üçün yeganə vacib məsələ yeni Konstitusiyada Azərbaycana qarşı ərazi iddialarının olmamasıdır: “Açıqlanan mətnə əsasən, hazırda belə bir hal mövcud deyil. Biz bunu çox yüksək qiymətləndiririk”. Bayramov Konstitusiya dəyişəndən sonra paraflanmış sülh sazişinin imzalanmasında əlavə problem olmayacağını bildirib.

Baş nazir Nikol Paşinyan xalqa müraciətində hazırkı Konstitusiyanın ölkəni dağılma həddinə gətirdiyini, yenisinin isə Ermənistana “institusional sülh” gətirəcəyini deyib. O, müxalifəti yeni Konstitusiyanın qəbuluna mane olmaqda ittiham edib və parlament müxalifətini referendumu dəstəkləməyə çağırıb. Paşinyan seçicilər layihəni rədd edərsə istefa verəcəyi, qəbul edərsə növbəti parlament seçkilərində namizəd olmayacağı barədə vədini təkrarlayıb. Müxalifət isə yeni Konstitusiya planının Azərbaycanın tələblərindən qaynaqlandığını deyir.

Leave A Reply