Müharibə Liviya limanına çatıb
Ukrayna prezidenti Volodimir Zelenski Liviyanın Benqazi limanında Rusiyanın hərbi gəmisinə Ukrayna ordusunun hücum etdiyini təsdiqləyib. Zelenski “Telegram”da yazıb ki, hücumda Ukrayna istehsalı yeddi dəniz dronu istifadə olunub və Rusiyanın “Merkuri” korveti batırılıb. Onun sözlərinə görə, korvet 2023-cü ildə, tammiqyaslı müharibə zamanı istifadəyə verilmiş ən yeni Rusiya gəmilərindən biridir.
Zelenski korvetlə birlikdə Ka-27 döyüş helikopterinin də məhv edildiyini, ikinci hədəfin isə silah daşımaq üçün istifadə olunduğunu iddia etdiyi Rusiyanın “MV Angara” quru yük gəmisi olduğunu bildirib.
Liviyanın şərqində fəaliyyət göstərən və Moskva ilə əməkdaşlıq edən hökumətin bəyanatına görə, bazar günü Benqazidəki hərbi dəniz bazasında partlayış olub və yanğın baş verib. Bəyanatda Rusiya gəmisinin Rusiya ilə əməkdaşlıq sazişi çərçivəsində yanacaq və ehtiyat doldurmaq üçün bazaya daxil olduğu bildirilib. Liviya Səhiyyə Nazirliyi Benqazi sahillərində hücuma məruz qalan ticarət gəmisindən də yaralıların gətirildiyini açıqlayıb.
“Associated Press” agentliyinin Liviya Milli Ordusundakı mənbələrinə görə, azı dörd dron tutulub və məhv edilib, ikisi isə hərbi gəmini vurub. AP-nin mənbələri ilkin araşdırmaya əsasən dronların Liviyanın qərbində Ukrayna qüvvələrinin nəzarətində olan bazadan buraxıldığını deyir. Qərbi Liviya hökuməti isə Liviya limanlarının və mülki obyektlərinin xarici münaqişələrə cəlb olunmasından narahatlığını bildirib.
Liviya 2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra bölünmüş vəziyyətdədir və ölkədə iki rəqib hökumət fəaliyyət göstərir. “Meduza”nın yazdığına görə, Rusiyanın dövlət xəbər agentlikləri və telekanalları korvetin batırılması xəbərini işıqlandırmayıb.


