Sentyabrın 20-də Avropanın bir sıra iri hava limanlarının qeydiyyat və baqaj sistemlərində kiberhücum nəticəsində nasazlıq yaranıb. Brüssel, Berlin, Londonda onlarla uçuş gecikib, bir sıra reyslər ləğv olunub.

Reuters yazır ki, insident hava yollarına xidmət göstərən ABŞ şirkəti “Collins Aerospace”-in proqram təminatında baş verib.

“Collins Aerospace” bildirib ki, qlobal aviasiya şirkətlərinin istifadə etdiyi “MUSE” adlı sistemə kiberhücum nəticəsində hava limanlarında elektron qeydiyyat və baqaj sistemləri sıradan çıxıb.

Brüssel Hava Limanı cümə gecəsindən sistem tamamilə dayandığını, 10 uçuşun ləğv edildiyini bildirib.

Londonun Hitrou hava limanı da oxşar məlumat yayaraq bildirib ki, yaranmış problem uçuşlarda ləngimələrə səbəb ola bilər. Berlin Hava Limanı isə veb saytında uzun növbələr barədə elan yayıb.

ABŞ şirkətinə hücumun Avropada əks-səda verməsi, qlobal aviasiya sisteminin təhlükəsizliyi ilə bağlı sualları və narahatlıqları artırır. Kibertəhlükəsizlik eksperti Şarlot Vilson SkyNews-a deyir ki, aviasiya sənayesi ortaq sistemlərdən asılı olduğu üçün kibercinayətkarlar üçün “getdikcə daha cəlbedici hədəfə” çevrilir.

Kiberhücumlar ötən il Almaniya iqtisadiyyatına 300 milyard avro zərər vurub

Reuters qeyd edir ki, 2022-ci ildən Rusiyanın Ukraynanı işğalından sonra kiber məkanda rəqabət sərtləşib. Hökumət və biznesi hədəfləyən mürəkkəb kiberhücumlar çoxalıb, onların təsir dairəsi genişlənib.

Almaniyanın Bitkom sənaye assosiasiyasının sorğusuna görə, ötən il kiberhücumlar Almaniya iqtisadiyyatına təxminən 300 milyard avro zərər vurub. Hücumun mənbəyini müəyyən edən şirkətlərin təxminən yarısı izləri Rusiya və Çinə bağlayıb.

“Biz görürük ki, dövlətlər özəl qrupların cinayət əməllərinə dözümlülük göstərir və ya onlardan fəal şəkildə istifadə edirlər”, — Bitkom prezidenti Ralf Vintergerst deyib.

Sentyabrın əvvəlində digər bir kiberhücum nəticəsində Britaniyanın Jaguar Land Rover şirkətinin İT sistemi sıradan çıxarılıb. Avtomobil şirkəti üç həftəyə yaxındır zavodlarda istehsalı dayandırmalı olub.

Aviasiya eksperti Pol Çarlz bu gün “eyni zamanda bir neçə hava limanına təsir edən” hücumun da “çox ağıllı” şəkildə təşkil edildiyini deyir. “Collins Aerospace” hələlik hücumun arxasında kimin dayandığı ilə bağlı məlumat verməyib.

Leave A Reply