Azərbaycan dilində yaxşı danışa bilirik? Dilimizi inkişaf etdirə və yeni nəsillərə ötürə bilirik?

Azərbaycan dilindən düzgün istifadə etmək ölkəmizdə daim müzakirə olunan mövzulardan biridir. Dilimizin inkişafı, dəyişməsi və başqa dillərin təsirinə məruz qalması da vaxtaşırı gündəmə gələn mövzulardandır.

1990 və 2000-ci illərdə daha çox rus dilinin təsirindən danışılırdısa, son dövrlərdə buna türk dili də əlavə olunub. Həm publika qarşısında çıxış edən ictimai xadimlərin istifadə etdiyi lüğətdə xarici sözlərin artması, həm də balaca uşaqların dilində bu cür sözlərin istifadəsi cəmiyyət içərisində həyəcan təbili ilə qarşılanır.

Tərcüməçi və yazıçı Nadir Qocabəyli deyir ki, bizim Türkiyəni, Rusiyanı, Avropanı yamsılamağımız özümüzü zəif görməyimizlə bağlıdır. O deyir ki, dilin inkişafı üçün xalqın diliylə ciddi işləmək, dialektologiyanı inkişaf etdirilmək lazımdır:

“Əgər bizim güclü iqtisadiyyatımız olsa, güclü infrastruktur olsa, insanlar varlı yaşasalar, biz qətiyyən Türkiyəyə yarınmarıq. Əgər bizim dünya siyasətinə təsir gücümüz Türkiyəninkindən daha üstün olsa, liderlərimiz dünyada daha çox tanınsalar, daha çox hörmət olunsalar, biz Türkiyəyə yarınmarıq. Məsələn, İsrail çox balaca dövlətdir, amma təsir gücü görürsünüz ki, Türkiyəninkindən böyükdür, ərazisi isə bizimkindən də bir dəfə kiçikdir. Bu mənada dil məsələsi də siyasi məsələlərlə bağlıdır. Bizim Türkiyəni, Rusiyanı, Avropanı yamsılamağımız özümüzü zəif görməyimizlə bağlıdır.”

 

Foto: Tərcüməçi və yazıçı Nadir Qocabəyli 

 

“Mən düşünürəm ki, burda alimlərin xalqın diliylə ciddi işləməsinə, araşdırmasına ehtiyac var. Dialektlərimiz ciddi araşdırılmalıdır, dialektologiya elmi inkişaf etdirilməlidir və hansı sözlər tutursa, onları dövriyyəyə burtaxmaq olar. Əgər tutacaqsa qalacaq, tutmayacaqsa bir dövrdən sonra çıxacaq. Xalq diliylə ciddi şəkildə işləmək lazımdır, dialektologiyanı inkişaf etdirilmək lazımdır. Yoxsa söz uydurmaqla və yaxud hansısa sözü tərcümə eləməklə, sosiskaya, kolbasaya qarşılıq axtarmaqla bu problemi həll etmək mümkün olmayacaq”.

“Grammar Azi” sosial media platformasının təsisçisi Murad Hüseynov isə ictimai xadimlərin dilin inkişafına təsirini vurğulayır və təəssüf edərək bizdə ictimai xadimlərin dilimizə kifayət qədər əhəmiyyət vermədiyini bildirir:

“Bu ictimai xadimlər cəmiyyət qarşısında çıxış edərkən nə dərəcədə düşünür ki, dilimizi danışarkən düzgün danışmalıdır, yazarkən düzgün yazmalıdır, çünki bu səhvlər nüfuza, imicə, ictimai simaya mənfi təsir edə bilər?”


Foto: “Grammar Azi” sosial media platformasının təsisçisi Murad Hüseynov

 

Murad Hüseynov həmçinin lüğətlərin əskikliyinin dilin inkişafında əhəmiyyətli problem olduğunu bildirir:

“Orfoqrafiya lüğəti 2004-cü ildə, izahlı lüğət isə ən son 2006-cı ildə buraxılıb. Bu izahlı lüğətdə heç digər lüğətdə olan sözlərin böyük qismi yoxdur. Bu bir, ikincisi, izahlı lüğətdə sözlərin mənası daha zəngin göstərilməlidir. Bir söz işləndikcə onun məna çalarları zənginləşir, çalarlar zənginləşdikcə isə dilin özü zənginləşir. Ona görə də izahlı lüğət daha intensiv çıxmalıdır. Sonuncu dəfə izahlı lüğət 18 il bundan əvvəl çıxıb. Orfoepiya lüğəti isə ümumiyyətlə 1983-cü ilə aiddir.

Bu il və yaxud 2025-ci ildə orfoepiya lüğəti işıq üzü görməlidir. Sonuncu orfoepiya normalarına əsasən. İşlər görülür əlbəttə, amma mən düşünürəm ki, arzuolunan sürətdə deyil. Məsələn, izahlı lüğət çox vacibdir. Hansı söz hansı mənada işlənilir? Bu sözü filan mənada işlətmək doğrudurmu? Əgər düzgün mənada işlətmirsinizsə, siz leksik səhvə yol verirsiniz. Amma sizin də öz dilinizdən istifadə etmək sərbəstliyiniz olmalıdır. Lüğəti tərtib edən qurumlar isə daim cəmiyyətlə təmasda olmalıdır, istər cəmiyyətlə, yəni gündəlik Azərbaycan dilindən istifadə edən dil daşıyıcıları ilə, istər kütləvi informasiya vasitələri ilə, istər digər sahələrlə təmasda olmalıdırlar, bilməlidirlər, öyrənməlidirlər, bir növ trenddə olmalıdırlar ki, bilsinlər filan sözləri cəmiyyət hansı yeniu mənalarda işlətməyi öyrəşib?”

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva dərsliklərdə olan dil qüsurları barədə danışıb:

“Tərcümə olunmuş kitablarda da, hətta bizim dərsliklərimizdə də kifayət qədər problemlər var. Biz bu yaxınlarda dərsliklə bağlı bir məsul şəxsə söhbət etdik və belə qərarlaşdıq ki, əməkdaşlıq etməliyik. Bu gün orta məktəb dərsliklərində olan problemlər gələcəkdə Azərbaycan diliniun tətbiqi ilə bağlı ciddi problemlər yaradacaq. Bu dərsliklərdə hər qüsur hər bir məktəblinin yaxşı danışmaması üçün rəvacdır. Təsəvvür edək ki, məktəbli bir mətni oxuyur və onu dərk etmir. Biz baxırıq ki, orda ya elmi üslub onun yaşına uyğun seçilməyib. Təbii ki, elmi üslubun təqimatı olmalıdır. Bu, dərsliklərdə də öz əksini tapmalıdır. Amma bu ikinci, üçüncü sinif dərsliyində təqdim olunan mətn o yaşa uyğundurmu? O yaşda bu psixoloji gərginlik yaratmayacaq ki? Onun dərk etməsi üçün, onun qavrayışı üçün, onun şüüruna, dərketmə qabiliyyətinə uyğun hesablanıbmı?”

Foto: Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva

 

Sevinc Əliyeva həm də türk dilinin Azərbaycan dilinı olan təsirlərindən söz açır:

“Əgər bizim övladlarımız, böyüməkdə olan nəsil başqa dillərə xas olan, deyək ki, türk dilinə xas olan cizgilərlə böyüyürsə, onların hətta bəzən şüuruna hopmuş olan sözləri, müxtəlif rənglərin, əşyaların adlarını dəyişdirə bilməyəcəyik. Məsələn, biz çəhrayı rəngdə olan əşyanı uşaqlara göstərəndə onlar istər-istəməz pəmbə deyirlər. Çünki onda o rəngin assossiyası o cür formalaşıb və şüuraltı dərketmə bu cür gedib. Gələcəkdə biz bu ifadələri, onlarla, yüzlərlə ifadəni bu beyinlərdən təmizləyə bilməyəcəyik. Bəli, biz eyni dil ailəsinə mənsubuq, biz türk dillərinin oğuz qrupu dillərinin oğuz səlcuq yarım-qrupundayıq, hətta eyni yarım-qrupa mənsubuq, amma hər bir dil müstəqil dildir, hər dilin gözəlliyi var. Biz Azərbaycan dilində düşünməyi bacarmalıyıq, eyni zamanda türk dilini və müxtəlif dilləri mükəmməl bilməyi bacarmalıyıq və Azərbaycan dilində düşünüb digər dillərə tərcümə prosesindən danışmalıyıq. Yoxsa başqa dildə düşünüb, Azərbaycan dilinə tərcümə etmək olmaz”

Leave A Reply