2015-ci il dekabrın 4-də baş vermiş “Günəşli” neft yatağındakı dəhşətli yanğın nəinki müstəqil Azərbaycanın, hətta 1949-cu ildən başlayan Xəzər neft tarixinin ən böyük yanğını olub. Bu faciə nəticəsində ölən və itkin düşən neftçilərin ümumi sayı 33 olaraq qeyd olunur.
Faciənin səbəbləri rəsmilər tərəfindən “ekstremal hava şəraiti” və “fors major” kimi təqdim edilsə də, mütəxəssislər bu izahatları sual altına alır. Azərbaycan neftçilərinin hüquqları, əmək təhlükəsizliyi və məsul qurumların öhdəlikləri hələ də müzakirə mövzusu olaraq qalmaqdadır.
2015-ci ilin bu günündə “Günəşli” neft yatağında müstəqillik tarxinin ən böyük mədən faciəsi yaşanır. Hadisənin baş verdiyi 10 saylı dərin dəniz özülündə işləyən 63 nəfərdən 33 nəfər həlak olub.
10-cu özüldə işləyən Gündüz Əliyevin bildirdiyinə görə, partlayış axşamçağı 17.20-17.25 radələrində baş verib. O deyir ki, partlayışdan sonra çox güclü yanğın başlayıb və alovun tərkibindəki kükürdün təsirilə neftçilər nəfəs almaqda çətinlik çəkiblər. Xilas olmaq üçün qayıqlara minməli, lakin dalğalı dənizə enməməli olan neftçilər dəhşətli çətinliklə üzləşiblər.
İki qayıq platformadan aşağı endirilib. Platformada qalan və qayıqların platformadan endirilməsinə yardımçı olan neftçilər ertəsi gün orada sağ tapılıb. Gündüz Ağayevin olduğu qayığa 28 nəfər minib. Bu qayıqdakılar xilas olsa da, digər qayığa minən neftçilər faciəli şəkildə həlak olublar. Gündüz Ağayevin sözlərinə görə, təhlükəsizlik texnikiləri əllə, mexaniki üsulla qayıqları aşağı endirib, həmçinin onların suya enməməsini təmin edib.
Gündüz Ağayev deyir ki, digər qayıq səhvən birbaşa suya endirilib, dalğalar isə çox yüksək olduğuna görə həmin qayıq parçalanıb. Rəsmi versiyaya əsasən, qayığın suya düşərək parçalanmasına səbəb olan güclü külək olub. Neftçilər platformadan aşağı endirilib, dənizdən 10 metr hündürlükdə asılı qalaraq xilasediciləri gözləmək istəsələr də, hava şəraiti faciəvi nəticəyə səbəb olub. Bu qayıqda olan bir neçə neftçi qayıq suyla təmas edib parçalanmadan bir neçə saniyə əvvəl suya tullanıb və bu şəkildə yaralı halda da olsa xilas olublar. Gündüz Ağayev deyir ki, ildə 2 dəfə ad günü keçirir, biri öz doğulduğu gün, digəri isə Günəşli yatağındakı yanğından xilas olduğu gün. Faciəvi hadisəni unuda bilməyən, tez-tez yada salan keçmiş neftçi hesab edir ki, o gün yenidən dünyaya gəlib.
“BBC Azərbaycanca”nın 2015-ci ildə paylaşdığı xəbərdə neftçilərə istinad edilərək deyilir ki, həmin gün üçün tufan xəbərdarlığı olub, lakin tufanın özü xəbərdarlıqdan da pis şəkil alıb. Küləyin sürəti isə proqnozlaşdırılan saniyədə 30 metr əvəzinə 40 metrə çatıb. Üstəlik, qasırğanın müddəti, adətən olduğu kimi 5-10 saat yox, tam 27 saat olub. Xəbərə əsasən, şahidlərin danışdıqları və rəsmi açıqlamaların ortaq versiyasına görə, əvvəcə qaz partlaması, ardınca isə yanğın baş verib.
BBC-nin məlumatına görə, Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib ki, qaz borusunun dayağı dalğaların zərbəsinə tab gətirməyib. Nəticədə isə boru yırtılıb, qaz qığılcımdan partlayıb və alışıb. 110 atmosferə çatan yüksək təzyiq səbəbindən yanğın bir neçə saniyə ərzində yaranıb. Yanğın baş verən kimi bütün elektriki kəsiblər və kəmər kommunikasiyalarını bağlayıblar. Zədələnmiş borudan qaz kəsildiyi üçün bəzi quyularda hasilat dayanıb. Qalan quyuları qəzaya qarşı sistem bağlayıb. Bu platformada ümumilikdə qəza baş verən anda 28 buruq işləyib. Xoşbəxt Yusifzadə ehtimal edib ki, qoruyucu sistem quyu ağızlarından birini bağlaya bilməyib və yanğın ora keçib.
“Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi”nin sədri Mirvari Qəhrəmanlı bildirib ki, platformada ciddi təhlükəsizlik pozuntuları olub. Onun rəyinə görə, burada insan faktoru da rol oynayıb. Adamlar panikaya düşüblər və nəticədə evakuasiya tədbirləri lazımi qaydada keçirilə bilməyib. Mirvari Qəhrəmanlı neft yataqlarındakı qəza hadisələrini ARDNŞ-in sosial və idman obyektlərinin tikintisi (Avropa Oyunlarının baş stadionu da bura daxildir) kimi, onun birbaşa vəzifələrinə aid olmayan dövlət tapşırıqlarıyla yüklənməsi ilə izah edir. Qəhrəmanlı deyir ki, bunun nəticəsində enerji şirkətinin dəniz estakada və platformalarının vaxtında keçirilməli olan əsaslı təmiri ilə məşğul olmağa nə vəsaiti, nə də gücü qalır.