İndiyədək əməliyyatlarda azı 250 nəfər ölüb, hər iki tərəfdən onlarla mülki şəxs həlak olub. Ancaq həm Azərbaycan, həm də Ermənistan mülki şəxs və obyektləri hədəfə almadığını bildirir
Sentyabrın 27-dən Ermənistan-Azərbaycan təmas xəttində hərbi əməliyyatların bərpası hazırda dünya mediasının diqqət mərkəzindədir.
“The New York Times” qəzetinin müxbiri Endru E.Kramer toqquşmaların hər iki tərəfdə səbəb olduğu mülki itkilərdən yazır.
Foto: Avrasiya.net
İndiyədək əməliyyatlarda azı 250 nəfər ölüb, hər iki tərəfdən onlarla mülki şəxs həlak olub. Ancaq həm Azərbaycan, həm də Ermənistan mülki şəxs və obyektləri hədəfə almadığını bildirir.
Vaxtilə ATƏT-in Minsk qrupunda Birləşmiş Ştatları təmsil etmiş Kerri Kavanoqəzetə deyib ki, son bombardmanlar münaqişənin genişlənməsinin mümkünlüyünü göstərir. Onun sözlərimə görə, artilleriya atəşinin “Suriyada şəhərləri necə kövrək duruma saldığını görürük”.
Döyüşlərin digər fəsadlarına gəlincə, Ermənistan Azərbaycanda neft və qaz kəmərlərini hədəfə alarsa, qonşu Gürcüstan qış qabağı yanacaqsız qala bilər, Kavano belə deyir.
Digər tərəfdən, əsgərlər səngərlərə, bunkerlərə çəkilir, bu zaman koronavirusa yoluxma riski də yüksəlir. Kavano 1-ci Dünya müharibəsində qrip virusunun məhz belə bir şəraitdə yayıldığını yada salır.
“Gücdən istifadə danışıqlarda Bakının mövqeyini gücləndirir”
“The Moscow Times” qəzetində London Kral Kollecinin mühazirəçisi Domitilla Sagramoso yazır ki, hazırda Dağlıq Qarabağ münaqişəsi özündə tammiqyaslı müharibənin bütün aspektlərini birləşdirir.
Müəllifin fikrincə, uzun illər nəticəsiz danışıqlardan məyus olan, qəfil hərbi qələbəyə ümid bəsləyən Azərbaycan Prezidenti İlham Əliyev yaxşı təlim görmüş, yaxşı təchiz olunmuş ordusunun daha zəif Ermənistanın hərbi strukturuna qarşı ciddi uğurlar əldə edəcəyini düşünüb. “Bakı Rusiyanın hərbi neytrallığına, müttəfiqi Ermənistanın xeyrinə münaqişəyə müdaxilə etməyəcəyinə bel bağlayıb, çünki Ermənistan ərazisi məqsədli şəkildə vurulmayıb”, – yazan müəllifin fikrincə, Prezident Əliyev işğal altında olan torpaqla tam azad olunmayınca silahlı qüvvələrinin dayanmayacağını deyir və bununla da o, özünü küncə sıxışdırır. “Bu barışmaz mövqe hətta əməliyyatlar onun istədiyi kimi getməyəndə belə onları dayandırmağa razılaşmasını çətinləşdirir”, – məqalədə vurğulanır.
Ancaq müəllif qeyd edir ki, gücdən istifadə Dağlıq Qarabağın statusu və ətraf regionlarla bağlı gələcək danışıqlarda Bakının mövqeyini gücləndirir. Yəni, atəşkəs əldə olunsa belə, Ermənistan bir ehtimalı nəzərə almalı olacaq – danışıqlar dalana dirənərsə, Azərbaycan yenə gücə əl ata bilər.
Qeyd edək ki, Prezident İlham Əliyev hər əməliyyatların dayandırılmasından ötrü Ermənistana şərtlərini açıqlayıb və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxması üçün qrafik istəyib.
Mənbə: Azadlıq Radiosu