18 yaşına çatmamış qızların uşaqları
Azərbaycanda 2025-ci ildə 18 yaşına çatmamış qızlar tərəfindən 877 uşaq dünyaya gətirilib. Doğulan uşaqlardan üçünün anasının artıq dördüncü övladı olması erkən hamiləlik probleminin miqyasını yenidən gündəmə gətirib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, uşaqların doğulma ardıcıllığı belə olub:
- 810 uşaq anasının ilk övladıdır;
- 56 uşaq ikinci övladdır;
- 8 uşaq üçüncü övladdır;
- 3 uşaq isə dördüncü övladdır.
Beləliklə, 18 yaşına çatmamış qızların dünyaya gətirdiyi 877 uşağın 67-si, yaxud 7,6 faizi analarının ən azı ikinci övladıdır.
Erkən doğuşlar kəndlərdə daha çoxdur
2025-ci ildə yetkinlik yaşına çatmamış anaların dünyaya gətirdiyi uşaqların 569-u kənd, 308-i isə şəhər yerlərində qeydə alınıb. Başqa sözlə, belə doğuşların təxminən 65 faizi kəndlərin payına düşüb.
Bu yaş qrupundakı anaların uşaqları ölkədə il ərzində doğulan bütün uşaqların 0,9 faizini təşkil edib. Göstərici şəhərlərdə 0,7, kəndlərdə isə 1,1 faiz olub.
2024-cü ildə 18 yaşına çatmamış analar tərəfindən 1 279 uşaq doğulmuşdu. Bir il ərzində bu göstərici 402 nəfər və ya 31,4 faiz azalıb. Buna baxmayaraq, yüzlərlə yetkinlik yaşına çatmamış qızın ana olması, eləcə də bəzilərinin artıq ikinci, üçüncü və hətta dördüncü uşağını dünyaya gətirməsi problemin yalnız statistik azalma ilə həll olunmadığını göstərir.
Müqayisə üçün, 2023-cü ildə bu yaş qrupundakı analar 1 742, 2022-ci ildə 2 011 uşaq dünyaya gətirmişdi. 2000-2025-ci illəri əhatə edən rəsmi cədvəldə ən yüksək göstərici 2011-ci ildə qeydə alınıb: həmin il 18 yaşadək analar tərəfindən 4 392 uşaq doğulub.
Nikah yaşı 18-dir
Azərbaycanda nikah yaşı 18-dir. Əvvəllər üzrlü səbəblər olduqda bu həddin bir il azaldılmasına icazə verilirdi, lakin həmin istisna ləğv edilib.
2025-ci il iyulun 1-dən qüvvəyə minmiş qanun dəyişiklikləri ilə yetkinlik yaşına çatmayan şəxslə rəsmi nikah olmadan ailə qurmaq da “erkən evlilik” kimi müəyyənləşdirilib. On altı yaşına çatmamış şəxsin erkən evliliyini təşkil edənlər üçün cinayət məsuliyyəti, belə evliliklə bağlı mərasim keçirənlər və dini kəbin kəsənlər üçün isə inzibati cəzalar nəzərdə tutulur.
Statistika uşaqların atalarının yaşını, anaların nikah vəziyyətini, hamiləliyin hansı şəraitdə baş verdiyini və qızların təhsilə davam edib-etmədiyini açıqlamır. Buna görə bütün halları avtomatik olaraq erkən evliliklə əlaqələndirmək mümkün deyil. Bununla belə, üç yetkinlik yaşına çatmamış qızın artıq dördüncü uşağını dünyaya gətirməsi erkən hamiləliklərin qarşısının alınması və belə halların vaxtında aşkarlanması mexanizmləri ilə bağlı ciddi suallar yaradır.
18 yaşına çatmamış qızların uşaqları