Azərbaycanda mənzil almaq
Azərbaycanda orta gəlirli ailə qazandığı bütün pulu kənara qoysa, 90 kvadratmetrlik mənzil almaq üçün 17,6 il gözləməlidir. Bu müddət ərzində ərzaq, kirayə, nəqliyyat və digər gündəlik xərclərə heç bir vəsait sərf edilməməlidir.
Məlumat yaşayış və əmlak qiymətləri üzrə göstəricilər hazırlayan “Numbeo” portalının 2026-cı ilin ortalarına dair reytinqində yer alıb.
108 ölkənin daxil edildiyi siyahıda Azərbaycan mənzil almağın ən çətin olduğu 19-cu ölkədir. Azərbaycan eyni zamanda reytinqə salınmış keçmiş SSRİ dövlətləri və bütün qonşu ölkələr arasında ən yüksək qiymət-gəlir nisbətinə malikdir.
17,6 il necə hesablanıb?
“Numbeo”nun metodologiyasına görə, hesablamada:
- ailənin xalis aylıq gəliri orta xalis əməkhaqqının 1,5 misli kimi götürülür;
- mənzilin sahəsi 90 kvadratmetr hesab olunur;
- şəhər mərkəzində və mərkəzdən kənarda mənzillərin bir kvadratmetrinin orta qiymətindən istifadə edilir;
- mənzilin dəyəri ailənin illik xalis gəliri ilə müqayisə olunur.
Nəticədə alınan 17,6 göstəricisi o deməkdir ki, nəzəri olaraq ailə təxminən 17 il 6 ay ərzində bütün gəlirini toplamalıdır. Hesablamada ailənin gündəlik yaşayış xərcləri, inflyasiya, mənzil qiymətlərinin dəyişməsi, vergilər və təmir xərcləri nəzərə alınmır.
Buna görə də söhbət real yığım müddətindən deyil, mənzil qiymətləri ilə əhalinin gəlirləri arasındakı fərqi göstərən şərti indeksdən gedir. Gəlirinin yalnız müəyyən hissəsini yığa bilən ailə üçün mənzil alma müddəti bundan xeyli uzun ola bilər.
Azərbaycan regionda sonuncudur
Azərbaycanın qonşuları və keçmiş SSRİ ölkələrində 90 kvadratmetrlik mənzil almaq üçün tələb olunan nəzəri müddət belə göstərilib:
- Azərbaycan – 17,6 il;
- İran – 16 il;
- Ermənistan – 15,4 il;
- Qırğızıstan – 14,6 il;
- Moldova – 14,2 il;
- Rusiya – 13,1 il;
- Gürcüstan – 12,2 il;
- Özbəkistan və Ukrayna – 11,8 il;
- Belarus – 10,6 il;
- Tacikistan – 10,3 il;
- Qazaxıstan – 9,5 il;
- Estoniya – 9,4 il;
- Litva – 9,2 il;
- Latviya – 8 il;
- Türkiyə – 6,6 il.
Beləliklə, Azərbaycandakı göstərici Gürcüstandan 5,4 il, Ermənistandan 2,2 il, Türkiyədən isə 11 il çoxdur. Türkmənistan reytinqdə yer almayıb.
Dünyada ən çətin və ən asan ölkələr
Reytinqə görə, mənzil almağın ən çətin olduğu ölkə Nigeriyadır. Burada 90 kvadratmetrlik mənzilin dəyəri ailənin 116,3 illik gəlirinə bərabər hesablanıb. Sonrakı yerlərdə Şri-Lanka – 55,4 il, Qana – 49 il, Kuba – 48,4 il və Kamerun – 46 illə qərarlaşıb.
Mənzil qiymətlərinin gəlirlərə nisbətdə ən münasib olduğu ölkə isə Cənubi Afrika Respublikasıdır – 3,1 il. ABŞ-də bu göstərici 3,4, Omanda 3,8, Qətərdə 4,5, Səudiyyə Ərəbistanında isə 4,7 ildir.
“Numbeo”nun göstəriciləri rəsmi dövlət statistikası deyil. Portal məlumatları istifadəçilərdən daxil olan qiymətlər, avtomatlaşdırılmış bazar məlumatları və statistik yoxlamalar əsasında formalaşdırır. Buna görə nəticələr mənzil bazarındakı vəziyyəti müqayisə etməyə imkan versə də, bütün ailələrin real imkanlarını eyni şəkildə əks etdirmir.
Azərbaycanda mənzil almaq