SOCAR İtaliyada yanacaq qiymətlərini ucuzlaşdırır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) nəzarətindəki “Italiana Petroli”nin (IP) İtaliyada satdığı benzin və dizelin qiymətlərinə məhdudiyyət tətbiq etmək qərarını açıqlayıb. İtaliyanın Baş naziri Corcia Meloni bu addıma görə Azərbaycan Prezidenti İlham Əliyevə və SOCAR prezidenti Rövşən Nəcəfə təşəkkür edib.

Meloni sentyabrın 27-də yayımlanan açıqlamasında bildirib ki, “Eni”dən sonra IP də ölkə üzrə yanacaq qiymətlərini məhdudlaşdırmaq qərarı verib. Baş nazir bunu italyan ailələrinə diqqətin mühüm göstəricisi kimi qiymətləndirib və yanacaq bahalığının qarşısını almağa töhfə verəcəyini vurğulayıb.

Qiymətlərə məhdudiyyət necə tətbiq olunacaq?

SOCAR-ın sentyabrın 27-də yaydığı məlumata görə, mexanizm IP markalı yanacaqdoldurma məntəqələrindən başlayaraq mərhələli şəkildə tətbiq olunacaq. Qərar İtaliya hökumətinin ailələrin və bizneslərin yanacaq xərclərini azaltmağa yönəlmiş çağırışına cavab olaraq qəbul edilib.

Şirkət ilkin açıqlamasında benzin və dizel üçün konkret qiymət həddi göstərməyib. Bildirilib ki, qiymətlər təchizat və satış zəncirindəki operatorların fəaliyyətini davam etdirə bilməsi nəzərə alınaraq müəyyənləşdiriləcək.

Mexanizmin IP-dən yanacaq alan “Esso” markalı məntəqələrə və digər operatorlara şamil olunması imkanları da araşdırılacaq.

SOCAR-ın İtaliyadakı biznesi

SOCAR “Italiana Petroli”nin 99,82 faiz səhminin “API Holding”dən alınmasını 2026-cı il mayın 8-də tamamlayıb.

IP-nin iki neft emalı zavodu, ölkə üzrə logistika infrastrukturu və 4500-dən çox IP markalı satış nöqtəsi var. Zavodların ümumi illik emal gücü təxminən 10 milyon tondur.

SOCAR İtaliyada yanacaq qiymətlərini ucuzlaşdırır

Leave A Reply