Ermənistanda seçki müzakirəsi
Ermənistanın Baş naziri Nikol Paşinyan seçki rüşvəti paylayanların “qol-qabırğasını sındıracağını” deyib və bunu siyasi mənada nəzərdə tutduğunu vurğulayıb. O, bu bəyanatı həftəlik mətbuat brifinqində jurnalistin ölkədə necə bir müxalifətin formalaşmalı olduğuna dair sualına cavab verərkən səsləndirib.
OC Media xəbər verir ki, Paşinyan seçki rüşvətinin yolverilməz olduğunu və Ermənistanda hər vətəndaşın yalnız bir səsi olduğunu bildirib. Baş nazir müəyyən sayda səsə nəzarət etdiyini iddia edən şəxsləri özünün “sinfi düşməni” adlandırıb və hüquq-mühafizə orqanları və ya siyasi vasitələrlə onların aradan qaldırılmasının siyasi öhdəliyi olduğunu qeyd edib.
Təklif etdiyi yanaşmanı 1917-ci il Böyük Oktyabr Sosialist İnqilabı ilə müqayisə edən Paşinyan bu qəbildən olan insanları siyasi mənada darmadağın edəcəklərini və onların kökünün kəsilməli olduğunu bildirib. O əlavə edib ki, əgər rəhbərlik etdiyi “Mülki Müqavilə” partiyasında belə düşüncəli şəxslər aşkarlanarsa, onlar “on qat daha çox sinfi düşmən” sayılacaq.
Baş nazir bir müddət əvvəl “Mülki Müqavilə” partiyasının 21 icmada keçirilən yerli seçkilərdə qələbə qazanmasından sonra dövlətyönümlü yeni müxalifətə ehtiyac olduğunu demişdi. Bəzi yerlərdə 90 faizdən çox səs almalarından narahatlığını bildirən Paşinyan, seçki nəticələrinin diktatura və avtoritarizm təəssüratı yaratmaması üçün gənc və obyektiv müxalifətin yaranmasının vacibliyini vurğulamışdı.
İyun parlament seçkiləri ərəfəsində Ermənistan hakimiyyəti əsas müxalifət bloklarından, xüsusilə “Güclü Ermənistan” partiyasından olan bir sıra şəxsləri seçki rüşvəti ittihamı ilə həbs etmişdi. Həmin şəxslər ittihamları rədd edərək həbslərin siyasi motivli olduğunu bildirmişdilər.


