Hüquq müdafiəsi
Beynəlxalq hüquq müdafiə təşkilatı “Amnesty International” Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək 15 il müddətinə azadlıqdan məhrum edilmiş Bəhruz Səmədovun işgəncə riski altında olduğunu bildirib. Təşkilat dövlət başçısını və hökuməti onu dərhal və qeyd-şərtsiz azad etməyə çağırıb.
31 yaşlı Bəhruz Səmədov 2024-cü ildə saxlanılıb və dövlətə xəyanət ittihamı ilə 15 il həbs cəzasına məhkum edilib. Səmədov bu ittihamı rədd edir. Amnesty International onun əsassız həbs edildiyini, ittihamların yalnız dinc fəallığı, Ermənistanla dialoq tərəfdarı olması və Dağlıq Qarabağdan erməni əhalisinin çıxarılmasını tənqid etməsi ilə əlaqəli olduğunu bəyan edib.
Əliyevə ünvanlanan məktubda Səmədovun azad edilməsinə qədər təkadamlıq kamerada saxlanmasına son qoyulması, təcili tibbi yardımla təmin olunması, təhlükəsiz və insani şəraitdə saxlanması tələb edilib. Təşkilat vurğulayıb ki, ona qarşı cinayət təqibi siyasi motivlidir və hər hansı cinayətə dair heç bir mötəbər sübut ictimaiyyətə təqdim olunmayıb.
Təşkilatın məlumatına görə, Səmədov həbsdə saxlanıldığı müddətdə qaranlıq, dar kamerada saxlanılıb və həyətə çıxışına icazə verilməyib. O, bir aydan çox təyin olunmuş dərmanlarından məhrum edilib və görmə qabiliyyətinin kəskin zəifləməsinə baxmayaraq ona oftalmoloji yardım göstərilməyib. Həmçinin onun iki dəfə intihara cəhd etdiyi və cəza tədbiri olaraq iki ay təkadamlıq kamerada saxlanıldığı qeyd olunub.
Vəkili Zibeydə Sadıqovanın bildirdiyinə görə, apellyasiya şikayətləri rədd edildikdən sonra Səmədov məhkəmə zalında qoluna kəsici alətlə xəsarət yetirib və “Sözlər bitəndə qanla danışmaq lazım gəlir” deyib. Amnesty International lazımi tibbi xidmətin göstərilməməsi ilə yanaşı bu şəraitin işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar səviyyəsinə çata biləcəyini vurğulayıb.
Mənbə: OC Media


