Müstəqil media

Rusiyanın tanınmış müstəqil mətbuat orqanlarından olan “Novaya qazeta” fəaliyyətini dayandıracağını elan edib. Oktyabrın 30-da saytda yayımlanan “Bizi öldürdülər” başlıqlı bəyanatda qeyd olunur ki, 30 ildən çox fəaliyyət göstərən nəşr noyabrın 9-da Moskvadakı redaksiyasını tərk edəcək və serverlərini söndürəcək. Redaksiya bu addımın Rusiya hakimiyyətinin və xüsusi xidmət orqanlarının təzyiqləri nəticəsində atıldığını bildirir.

Meydan TV yazır ki, qəzet bağlanmanın əsas səbəbləri kimi uzun illər davam edən senzuranı, jurnalistlərin cinayət məsuliyyətinə cəlb edilməsini və maliyyə mənbələrinin məhdudlaşdırılmasını göstərir. Redaksiyanın məlumatına görə, binadan çıxarılma bildirişi ilə paralel olaraq ianə toplama sistemi də qapadılıb. Həmçinin Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra nəşrin resurslarının bloklandığı, mətbəəsinin əlindən alındığı və 2022-ci ildə media qeydiyyatının ləğv edildiyi xatırladılır.

Bəyanatda nəşrin həmtəsisçisi, 2021-ci il Nobel Sülh Mükafatı laureatı Dmitri Muratova qarşı hücum, jurnalist Yelena Milaşinanın Çeçenistanda döyülməsi, şef-redaktor Oleq Rolduginin həbsi, eləcə də baş redaktor Sergey Sokolovun mənzilində axtarış aparılması qeyd olunur. Bununla yanaşı, 2026-cı ilin sentyabrında Rusiya Ədliyyə Nazirliyinin qəzeti “xarici agent” reyestrinə daxil etdiyi və bunun yüzdən çox jurnalistə şamil olunduğu vurğulanır.

1993-cü ildə təsis edilən “Novaya qazeta” korrupsiya, insan hüquqları və Çeçenistandakı müharibələrə dair araşdırmaları ilə tanınıb. Fəaliyyət göstərdiyi illərdə nəşrin bir neçə əməkdaşı, o cümlədən 2006-cı ildə öldürülən Anna Politkovskaya qətlə yetirilib. Nəşr qapanmazdan əvvəl son sayını çap edəcəyini bildirib.

Leave A Reply