Avropada etirazlar
Fransanın paytaxtı Paris başda olmaqla bir sıra şəhərlərində və Almaniyada yüz minlərlə insan, əsasən gənclər, həyat bahalığına, sosial bərabərsizliyə və təhsil sistemindəki problemlərə etiraz olaraq ardıcıl üçüncü həftəsonu küçələrə çıxıb. Əksəriyyəti dinc keçən yürüşlərin başa çatdığı vaxtlarda bəzi şəhərlərdə polislə nümayişçilər arasında toqquşmalar qeydə alınıb.
Al Jazeera xəbər verir ki, Fransadakı aksiyalarda iştirakçıların sayına dair tərəflərin rəqəmləri fərqlənir. Şagird-tələbə təşkilatları və həmkarlar ittifaqları koalisiyasının məlumatına görə, ölkə boyu nümayişlərdə təxminən yarım milyon insan iştirak edib, onların 200 mini Parisdə yürüyüb. Fransa Daxili İşlər Nazirliyi isə ölkə üzrə iştirakçı sayının 320 min, paytaxtda isə 70 min olduğunu açıqlayıb.
Etirazçılar həyat bahalığına, gəlir bərabərsizliyinə, təhsil binalarının baxımsızlığına və müəllim çatışmazlığına qarşı tələblər irəli sürüblər. Yürüşlərə orta məktəb şagirdləri və universitet tələbələri ilə yanaşı həmkarlar ittifaqları və “sarı jiletlilər” hərəkatının nümayəndələri də qoşulub.
Yürüşlərin əsas hissəsi başa çatdıqdan sonra Paris və Lionda gərginlik yaranıb, polis kütləyə qarşı gözyaşardıcı qaz tətbiq edib. Parisin kənarında bəzi maskalı şəxslər səki daşlarını sökərək təhlükəsizlik qüvvələrinə və zibil qutularına atıb. The Guardian nəşrinin məlumatına görə, Fransanın daxili işlər naziri Loran Nunyez ölkə üzrə 150 aksiyanın dinc keçdiyini, lakin yürüşlərin sonunda polisin zorakılıqla üzləşdiyini bildirib. Qəzet nazirliyə istinadla ölkə üzrə 565 nəfərin saxlanıldığını, Parisdə dörd polis və bir jandarmın xəsarət aldığını yazır.
Almaniyada da gənclər artan xərclərə, hökumətin büdcə ixtisarlarına və müdafiə xərclərinin artırılmasına etiraz ediblər. Aksiyanı təşkil edən “Gen Z regelt” ittifaqının məlumatına görə, Almaniyanın müxtəlif şəhərlərində 120 min insan küçələrə çıxıb.
Al Jazeera və The Guardian xəbər verir ki, Frankfurt, Köln və Hamburqda əsasən dinc keçən aksiyaların sonunda polislə toqquşmalar baş verib və asayiş keşikçiləri su şırnaqları tətbiq edib. Frankfurtda mağazaların dağıdıldığı və zədələndiyi, Hamburqda isə polisin daş və fişəng atəşinə tutulması səbəbindən təşkilatçıların aksiyanı vaxtından əvvəl dayandırdığı bildirilir.
Etiraz dalğası fonunda İspaniyanın Barselona şəhərində və İtaliyanın Milan, Turin və Boloniya şəhərlərində əvvəlki toqquşmalardan sonra polis yüksək hazırlıq vəziyyətinə gətirilib, Albaniyanın paytaxtı Tiranada isə hökumət əleyhinə yeni aksiyalar keçirilib.


