Kriptovalyuta birjası

Dünyanın ən böyük kriptovalyuta birjası “Binance” ondan oğurlanmış 6,3 milyard dollarlıq vəsaitin 90 faizini bərpa etdiyini və istifadəçilərin vəsait çıxarışlarını mərhələli şəkildə bərpa etməyə başladığını açıqlayıb.

The Guardian xəbər verir ki, şirkət şənbə günü X sosial şəbəkəsində qalan 10 faiz tokenin likvidliyinin az olduğunu və onların alınmasının daha çox vaxt apara biləcəyini bildirib. Birjanın həmsədri Riçard Tenq şirkətin qalan 10 faizi də qarşılamaq öhdəliyi götürdüyünü və “istifadəçilərin bu hadisənin maliyyə təsirini hiss etməyəcəklərini” deyib.

ABŞ-nin Federal Təhqiqat Bürosu (FTB) isə şənbə günü verdiyi bəyanatda oğurluğun arxasında Şimali Koreya ilə əlaqəli “TraderTraitor” qrupunun dayandığını iddia edib. FTB Şimali Koreyanın “təxminən 29 oktyabr 2026-cı il tarixində Binance kriptovalyuta birjasından 6 milyard dollardan çox virtual aktivin oğurlanmasına görə məsuliyyət daşıdığı barədə məlumat açıqladıqlarını” bildirib. Təhqiqat idarəsi oğurlanmış aktivlərin “Ethereum”a çevrildiyini müşahidə etdiyini və özəl sektoru bu ünvanlarla əlaqəli əməliyyatları bloklamağa çağırdığını qeyd edib.

The Guardian yazır ki, “TraderTraitor” qrupunun 2014-cü ildə Şimali Koreya lideri Kim Çen Inı lağa qoyan “The Interview” filminə cavab olaraq “Sony Pictures” şirkətinə kiberhücumda ittiham edilən “Lazarus Group”un bir hissəsi olduğu güman edilir.

ABŞ Prezidenti Donald Tramp isə FTB-nin açıqlamasını şübhə altına alıb. DW-nin məlumatına görə, Tramp noyabrın 1-də Floridadakı Mar-a-Laqo malikanəsində jurnalistlərə deyib: “Hazırda bunu araşdırırıq. Bunun Şimali Koreya ilə bağlı olub-olmadığını bilmirik, amma əgər belədirsə, bu məsələni Şimali Koreya ilə müzakirə edəcəyik”.

Riçard Tenq hadisənin yoluxmuş noutbuk və fəaliyyət izlərini silmək üçün hazırlanmış zərərli proqram vasitəsilə həyata keçirilən mürəkkəb bir hücum olduğunu vurğulayıb. Şirkət itkiləri qarşılamaq üçün 6,34 milyard dollar ayırdığını, bu vəsaitin 1 milyard dollarlıq istifadəçi təhlükəsizliyi fondundan, fyuçers sığorta fondundan və öz xəzinəsindən ödənildiyini bəyan edib.

Kiberhücum xəbərindən sonra bitkoin təxminən 5 faiz, “Ethereum” 6 faizə yaxın, “Binance”ın BNB tokeni isə təxminən 10 faiz dəyər itirib.

Leave A Reply