Polşa, Rusiya

Polşanın Svidnitsa şəhərində 55 yaşlı Rusiya vətəndaşı casusluq ittihamı ilə həbs olunub. Polşa polisi bildirir ki, ondan qatarları, kritik dəmir yolu və nəqliyyat obyektlərini çəkdiyini göstərən “yüz minlərlə fayl” tapılıb.

Saxlanılan şəxsin bacısı Kseniya Suxorukova onun Aleksandr Maşovets olduğunu açıqlayıb və ittihamı rədd edib. O, Facebook səhifəsində yazıb: “Saşanı tanıyanlar bu ittihamın nə qədər absurd və qorxulu səsləndiyini bilir. Dəmir yolu nəqliyyatını çəkmək onun gəncliyindən bəri həvəsidir. Bu, onun hobbisidir, gizli fəaliyyət deyil”.

Bacısının sözlərinə görə, Maşovets Polşada iş səfərində olub və oktyabrın 25-də axşam əlaqə saxlamağı dayandırıb. O deyir ki, saxlanılandan sonra qardaşına yaxınlarına zəng etməyə imkan verilməyib, ailə Rusiya səfirliyi ilə əlaqədədir.

Polşa xüsusi xidmət orqanlarının koordinatoru Tomaş Semonyak isə saxlanılmadan sonra Rusiyanın Avropada təxribat fəaliyyəti apardığını, bunun üçün əvvəlcədən kəşfiyyat və sənədləşdirmə lazım olduğunu bildirib.

Polşa hakimiyyəti onun xarici kəşfiyyat üçün işləmiş ola biləcəyini güman edir. Avropa ölkələri son illər Rusiyanı dəmir yolunda partlayışlar da daxil olmaqla təxribatlar təşkil etməkdə dəfələrlə ittiham ediblər.

Leave A Reply