Ukrayna müharibəsi
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ABŞ vasitəsilə Ukraynadan ələ keçirə bilmədiyi əraziləri tərk etməyi tələb edir. O, bu tələbin sağlam düşüncəyə zidd olduğunu və sağlam olmayan yanaşma sayıldığını qeyd edib.
“ABC” telekanalına müsahibəsində Zelenski Ukraynanın müharibəni mümkün qədər tez başa çatdırmağa hazır olduğunu, mövcud təmas xətti boyunca döyüşlərin dayandırılmasını və cəbhənin dondurulmasını mümkün hesab etdiyini söyləyib. Lakin o vurğulayıb ki, Kiyev müvəqqəti işğal altındakı torpaqların Rusiya ərazisi kimi tanınmasına heç vaxt razılaşmayacaq və Donbasın qalan hissəsindən imtina etməyəcək.
Zelenskinin sözlərinə görə, Rusiya hazırda Ukrayna ərazisinin 19,3 faizinə nəzarət edir. Donbasın tamamilə Rusiyaya verilməsi isə bu göstəricini 25 faizə çatdırardı.
“CNN Türk” kanalına açıqlamasında isə Ukrayna rəhbəri Ukraynanın arxasında onun taleyini həll etməyə yönəlmiş hər hansı cəhdin uğursuzluğa məhkum olduğunu bildirib. Zelenski ABŞ prezidenti Donald Trampın Rusiya və Çinlə əvvəlcədən razılaşdırılmış bir saziş irəli sürəcəyi təqdirdə necə davranacağı sualına cavab verərək deyib: “Bu, mümkün deyil. Ukraynanın taleyini Ukraynasız həll edə bilməzsiniz. Bu, ədalətsiz olardı və heç bir nəticə verməzdi”.
Zelenski əlavə edib ki, Rusiya enerjisinə qarşı tətbiq edilən sanksiyaların yumşaldılması cəhdləri Moskvaya Ukraynanın kritik infrastrukturunu vurmaq üçün əlavə maliyyə mənbələri yaradır.


