ABŞ-İsrail münasibətləri

Axios-un məlumatına görə, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampa 3 noyabr aralıq seçkilərindən dərhal sonra İrana zərbə endirməsi üçün təzyiq göstərir. Tramp isə hələlik diplomatik danışıqlara imkan verilməsini istəyir.

Nəşr ABŞ və İsrail mənbələrinə istinad edir. Bu mənbələrə görə, şənbə günü iki lider arasında ABŞ-nin İranla apardığı danışıqlar və hərbi əməliyyatların bərpası ilə bağlı telefon danışığı olub. İsrail mənbəsi söhbəti “gərgin”, ABŞ mənbəsi isə “açıq və birbaşa” adlandırıb.

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Tramp İrana yeni zərbələr endirmək barədə qərar verməyib və diplomatik çıxış yoluna üstünlük verir. Şənbə günü jurnalistlərə açıqlama verən Tramp da danışıqların yaxşı getdiyini və tələsmədiyini desə də, ABŞ-nin Tehranın bir və ya iki nüvə obyektini hədəfə almağa hazır olduğunu vurğulayıb.

Digər tərəfdən, ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayiyə danışıqların bərpası imkanları barədə məktub göndərib. Rzayi İran dövlət televiziyasında məktubu aldığını, lakin hələ cavab vermədiyini bildirib. O əlavə edib ki, Tehranın irəli sürdüyü yeddi şərt yerinə yetirilməyənədək Hörmüz boğazı açıla bilməz.

İran rəsmiləri arasında isə yanaşmalar fərqlidir. Xarici işlər naziri Abbas Əraqçi Qətər vasitəçiləri ilə məsləhətləşmələrin davam etdiyini və ABŞ-nin diplomatiyanı seçəcəyinə ümid etdiyini bildirsə də, parlament sədrinin müavini Əli Nikzad danışıqlar pəncərəsinin artıq bağlandığını və hərbi hücum olarsa, coğrafi məhdudiyyət qoyulmadan cavab veriləcəyini deyib.

Hazırda Qətərin vasitəçiliyi ilə Dohada dolayı danışıqlar aparılsa da, hələlik yekun razılaşma əldə olunmayıb. Tehran ABŞ dəniz blokadasının qaldırılmasını, dondurulmuş aktivlərin açılmasını və neft satışına icazə verilməsini tələb edir, Vaşinqton isə əsas hədəfin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq olduğunu bildirir.

Leave A Reply