Azərbaycan, media

Azadlıq Radiosu yazır ki, son günlərdə Bakıda hökumətyönlü media əməkdaşlarına hücumlara rəsmi qurumların dərhal reaksiya verməsi bir sual doğurur: eyni həssaslıq müstəqil jurnalistlərə də göstərilirmi? Oktyabrın 28-də Yasamalda məktəbdə şagird ölümünü işıqlandıran “REAL TV” və “SpaceTV” əməkdaşlarına, oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə isə Nizamidə yanğını çəkən “APA TV” müxbirinə hücum edildiyi bildirilir. Daxili İşlər Nazirliyi hər iki hadisə üzrə cinayət işi açıldığını deyib, Mətbuat Şurası və Media və Yayım Şurası bəyanat yayıb.

Jurnalist Alya Yaqublu radioya deyib: “Mən elə bir hal xatırlamıram ki, müstəqil mətbuatda çalışan hər hansı bir jurnalistə qarşı törədilən zorakılıq, təzyiq və ya təhdid hakimiyyət tərəfindən araşdırılsın”. Onun fikrincə, hakimiyyətin mesajı belədir: “Ya məni tərifləyəcəksiniz, alqışlayacaqsınız, ətrafımda sıx birləşəcəksiniz, ya da sizi düşmən hesab edəcəyəm”.

Londondakı “Justice for Journalists” Fondunun hesabatına görə, 2025-ci ildə Azərbaycanda media nümayəndələrinə qarşı azı 20 fiziki zorakılıq faktı sənədləşdirilib, bir il əvvəl bu rəqəm 12 idi. Hesabat zorakılığın küçədən istintaq təcridxanalarına, həbsxana kameralarına və polis idarələrinə keçdiyini yazır. Orada Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Rəşad Ramazanov və Məhəmməd Kekalovun şikayətləri var. Ələsgər Məmmədli, Fərid İsmayılov, Polad Aslanov və İmran Əliyevə lazımi tibbi yardımın göstərilməməsi də zorakılıq kimi təsnif edilib.

Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli isə son hadisələri hücumların artması kimi görmür: “Bu hadisələr zaman baxımından təsadüfən üst-üstə düşüb”. Siyasi psixoloq Samirə Qasımlı deyir ki, hakimiyyətin yaratdığı zorakılıq obrazı “bu gün həmin medianın özünə qarşı aqressiya şəklində üzə çıxır”.

2023-cü ilin noyabrından “AbzasMedia”, “Toplum TV” və “Kanal 13” kimi platformaları hədəf alan həbs dalğasında 30-a yaxın jurnalist və media əməkdaşı saxlanılıb. Jurnalistlər qaçaqmalçılıq və digər ittihamları rədd edir, peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyir. Rəsmilər isə ölkədə heç kimin peşə fəaliyyətinə görə həbs olunmadığını bildirir.

Leave A Reply