Azərbaycan, siyasi məhbus
“Toplum TV” Əbilovun yaxınlarına istinadla yazır ki, noyabrın 2-də Qaradağ Rayon Məhkəməsi Penitensiar Xidmətin 12 saylı müəssisəsinin təqdimatını qismən təmin edib. Müəssisə 18 il cəza alan tədqiqatçının 3 il müddətinə qapalı tipli həbsxanaya keçirilməsini istəmişdi, hakim Teymur Qurbanov 1 il qərarı verib.
İclasda talış dilində çıxış edən Əbilov intizam pozuntusu iddialarını əsassız adlandırıb, sənədlərin saxtalaşdırıldığını iddia edib. Müəssisə onu məhbuslar arasında qarışıqlıq yaratmaqda və milli nifrətə yönələn hərəkətlərdə ittiham edir. O deyir ki, iyulun 9-da Bakı İstintaq Təcridxanasında üzərində talış dilində “Millət öz başını itirən günü, qazanır yurdunun ölüm hökmünü” misraları yazılan köynəyi əlindən alınıb, iki ay cərimə kamerasında saxlanılıb, çarpayıya qandallanıb, bronxiti kəskinləşsə də tibbi yardım göstərilməyib.
“Əgər talış dilində bir beytə görə mənə qarşı güc tətbiq edirlərsə, məni çarpayıya qandallayırlarsa, iki aylığına cərimə təcridxanasına salırlarsa və qapalı tipli həbsxanaya göndərirlərsə, onda ölkədə talış dilinin vəziyyəti barədə nə demək olar?!”, – Əbilov deyib.
“Talış Milli Akademiyasının xəbərləri” jurnalının baş redaktoru olan 37 yaşlı Əbilov Belarusda yaşayırdı. O, 2024-cü ilin iyulunda Azərbaycana səfərdə saxlanılıb, 2025-ci il mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsi dövlətə xəyanət, dövlət əleyhinə açıq çağırışlar və milli nifrət salmaq maddələri ilə ona 18 il həbs cəzası verib. Əbilov özünü təqsirli bilmir, həbsini talışların tarix və mədəniyyətini təbliğ etməsi ilə əlaqələndirir.
Azadlıq Radiosu Əbilovun iddialarına rəsmi qurumlardan münasibət ala bilmədiyini yazır. Rəsmilər adətən ölkədə heç bir etnik azlığa ayrı-seçkilik edilmədiyini, təcridxanalarda işgəncə iddialarının əsassız olduğunu bildirir. Beynəlxalq insan haqları təşkilatları və BMT-nin məruzəçiləri Əbilovu siyasi məhbus hesab edir.


