Dubay, biznes

“Haqqın” saytı yazır ki, Əli Həsənovun qızı Səfiyə Möhbəliyeva (Həsənova) sosial şəbəkədəki videoda Dubaydakı biznesini beynəlxalq investorlara “yeddi rəqəmli” məbləğə satmaqdan imtina etdiyini deyib. Söhbət işlənmiş lüks əşyalar satan “Gemaee” platformasından gedir. O, tezliklə daha bir satış nöqtəsi açacağını da bildirib.

“Haqqın”ın yazdığına görə, Möhbəliyeva əvvəl Dubayın “First Avenue Mall” ticarət mərkəzində zinət əşyaları, brend aksesuarlar və vintaj əşyalar butiki açıb. Sahəsi 1 500 kvadratmetr olan məkandakı nadir saat, çanta və zinətlərin ümumi dəyəri 3 milyon dollardan çox göstərilir. Şirkətin bu ilin əvvəlində yaydığı press-relizdə Möhbəliyeva “Gemaee”nin baş icraçı direktoru kimi təqdim olunur, Körfəz ölkələrində 2028-ci ilə qədər daha iki məkan planlaşdırıldığı yazılır.

Əli Həsənov Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri və prezidentin köməkçisi olub. 34 yaşlı Möhbəliyeva “Haqqın”a görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş sədri Səttar Möhbəliyevin oğlu İsfəndiyar Möhbəliyevlə evli olub. Möhbəliyeva biznesin ilkin kapitalının mənbəyi barədə danışmayıb.

Leave A Reply