“Azenco” işi

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Azenco” şirkətinin keçmiş rəhbəri Vüqar Əliyevin işi üzrə iclasda şirkətin İdarə Heyətinin indiki sədri Pərviz Hacıyev şahid kimi ifadə verib. Əliyev 3 milyon manatdan çox vəsaiti mənimsəməkdə ittiham olunur. O, 2022-2023-cü illərdə İdarə Heyətinin, sonra Müşahidə Şurasının sədri olub, bir il əvvəl Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

“Qafqazinfo” yazır ki, Hacıyev “bütün şirkəti Vüqar Əliyev idarə edib” deyib, ödənişlərin onun göstərişi ilə edildiyini, dövründəki tenderlərin şirkətə xeyir vermədiyini bildirib. Əliyev isə tenderlə bağlı səlahiyyəti olmadığını, qiymətləri Hacıyevin özünün təqdim etdiyini deyir.

Mənimsəmə kimi göstərilən epizodlar arasında gül mağazasından bir gündə 15 min manatlıq gül və şirkət vəsaiti hesabına alınan içki var. Vəkilin dediyinə görə, Hacıyevə alınan “iPhone” telefonu da mənimsəmə kimi yazılıb. “O biri hədiyyələri niyə saymırsız, bir dənə mənə alınan “iPhone”u gördünüz?!”, - Hacıyev cavab verib.

Mübahisə Etibar Pirverdiyevin adı çəkiləndə kəskinləşib. Hacıyev onun şirkətdə sadəcə məsləhətçi işlədiyini deyib. Əliyevin vəkili şahidin yalan danışdığını bildirib: “Etibar Pirverdiyev aylıq 55 min manat maaş alır? Məsləhətçiyə bu qədər pul verirlər?”. Əliyev özü də Pirverdiyevə aralarında “şef” dediklərini, bütün məsələlərə onun nəzarət etdiyini, Özbəkistan səfərinə də birlikdə getdiklərini iddia edib. “Qafqazinfo” “Azenco”nun “Azərenerji”nin keçmiş rəhbəri Pirverdiyevə bağlı olduğunun bildirildiyini yazır. Pirverdiyev bu iddialara hələlik cavab verməyib.

APA yazır ki, şirkətin nümayəndəsi prosesin qapalı keçirilməsini istəyib, müdafiə tərəfi buna etiraz edib. Hakim Neymət Məmmədov Əliyevin ev dustaqlığına buraxılması vəsatətini təmin etməyib. Əliyev 5 azyaşlı uşağı olduğunu və atasının əməliyyat keçirdiyini bildirmişdi.

Foto: “Qafqazinfo”.

Leave A Reply