Dövlət Ehtiyatları Agentliyi
Prezident İlham Əliyev noyabrın 3-də Səbuhi Sadıqovu Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edib, eyni gün qurumun yeni əsasnaməsini və strukturunu təsdiqləyib. Əsasnaməyə görə, agentlik dövlət ehtiyatlarının yaradılması və idarə olunması üzrə mərkəzi icra hakimiyyəti orqanıdır, ölkənin strateji mallarla təchizatını təmin etməli, daxili bazarda həmin mallar üzrə kəskin qiymət dəyişmələrinin qarşısını almalıdır.
Fərmanla agentliyin aparatında 66, regional bölmələrində 9 ştat müəyyən edilib. Agentliyin tabeliyində yaradılan “Dövlət Ehtiyatlarının Saxlanılması Mərkəzi” adlı büdcə təşkilatında isə 200 ştat olacaq. Mərkəzin strukturu və əməkhaqqı sistemi üzrə maliyyə ekspertizası aparılacaq.
Yerli saytların yaydığı dosyeyə görə, 1984-cü ildə Füzulidə doğulan Sadıqov UNEC-də maliyyə və kredit ixtisası üzrə təhsil alıb, 2014-cü ildə ABŞ-nin Nyu-Hempşir ştatında sertifikatlaşmış ictimai mühasib lisenziyası alıb. 2007-2018-ci illərdə “Ernst & Young” şirkətində baş menecer səviyyəsinədək çalışıb, 2018-2021-ci illərdə PMD şirkətlər qrupunda audit departamentinin direktoru olub. 27 dekabr 2021-ci il tarixli sərəncamla agentliyin İdarə Heyətinin sədri təyin edilib.
Foto: “Sfera.az”.


