Almaniya
Almaniyanın hakim koalisiyası federal prezident postuna Bavariya parlamentinin sədri, Xristian Sosial İttifaqından (XSİ) İlze Aygneri irəli sürməyə hazırlaşır. DW-nin “dpa” və AFP agentliklərinə, “Spiegel” və “Bild” nəşrlərinə istinadla yazdığına görə, kansler Fridrix Merts onun namizədliyini noyabrın 8-9-da Xristian Demokrat İttifaqının rəhbər orqanlarına təqdim edəcək. Kansler aparatı bu məlumatı hələlik təsdiqləməyib.
Sosial Demokrat Partiyasının həmsədri Lars Klinqbayl partiyasının Aygneri dəstəkləməyə hazır olduğunu deyib: “Bazar ertəsi XDİ rəhbərliyi İlze Aygnerin namizədliyini irəli sürmək barədə rəsmi qərar qəbul etsə, SDP adından deyə bilərəm ki, biz bunu alqışlayır və dəstəkləyirik”. Onun sözlərinə görə, Aygnerin insanları birləşdirmək üçün “heyrətamiz bacarığı” var.
61 yaşlı Aygner 2008-2013-cü illərdə Almaniyanın kənd təsərrüfatı naziri olub. Onun namizədliyini aylardır XSİ-nin sədri, Bavariyanın baş naziri Markus Zöder dəstəkləyir. Merts bir neçə gün əvvəl növbəti prezidentin qadın olmasının tərəfdarı olduğunu deyib. Seçilsə, Aygner Almaniyanın ilk qadın prezidenti olacaq.
Bundestaqın 630 deputatından və federal torpaqların bir o qədər nümayəndəsindən ibarət Federal Məclis yeni prezidenti 2027-ci il yanvarın 30-da seçəcək. Hakim koalisiyanın burada çoxluğu var. Hazırkı prezident Frank-Valter Ştaynmayerin ikinci səlahiyyət müddəti başa çatır.


