Fransa

Fransada son həftələrin etirazlarında yaralanan təxminən on nəfər polis zorakılığına görə daxili işlər naziri Loran Nunyesin üzərinə kollektiv şikayət verir. “France 24”ün yazdığına görə, bunu ən azı 18 zərərçəkənin vəkilləri noyabrın 6-da mətbuat konfransında açıqlayıb. Şikayət hökumət üzvlərinin işinə baxa bilən yeganə məhkəmə olan Respublika Ədalət Məhkəməsinə veriləcək.

Vəkil Ari Alimi deyib ki, şikayət Nunyesin “şikəst etdiyini bildiyi silahların işlədilməsi barədə verdiyi əmrlərə” görədir. O, araşdırma başlanması şansının az olduğunu etiraf edib: “Amma daha çox insanın, xüsusən uşaqların şikəst olmasının qarşısını almaq üçün nəsə etməliyik”. Alimi oktyabrın 17-dəki etirazların nəticələrini “dəhşətli” adlandırıb: “Adam özünü müharibə vaxtı xəstəxanada kimi hiss edir”.

Şikayətçilər arasında oktyabrın 17-də Mülhauzdakı etirazda, 18 yaşı tamam olmamış bir gözünün görmə qabiliyyətini itirən Maissa, həmin gün Parisdə qumbara qəlpəsindən ayağında arteriyası partlayan və az qala ölən 27 yaşlı fotoqraf Əhməd Benmezrua var. Strasburqda 27 yaşlı bir nəfər gözünü itirib, gənc bir mühəndis isə ayağının altında partlayan qumbara üzündən az qala ayağını itirib. AFP-nin hesablamasına görə, sentyabrın ortasından bəri aralarında yeniyetmələr də olan ən azı 20 nəfər rezin güllə və ya qumbaradan ağır yaralanıb. Oktyabrda 15 yaşlı bir yeniyetmə qumbara partlayışında əlini itirib.

Polis oktyabrın 30-a qədər polis zorakılığı iddiaları ilə bağlı 105 daxili araşdırma başladıb. Nunyes isə polisin məktəblilərin etirazları başlayandan bəri “maksimum mütənasiblik”lə hərəkət etdiyini deyib. O, yaralanmalara görə səmimi təəssüfləndiyini, amma gücün “qanuni və normativ çərçivədə” tətbiq olunduğunu bildirib. Fransada həyat bahalığına qarşı etirazlar davam edir: “Interfax”ın BFMTV-yə istinadla yazdığına görə, noyabrın 7-dəki etirazlara yenidən 70 min polis və jandarm cəlb olunacaq.

Leave A Reply