Xokkey

Almaniya hökumətinin sözçüsü Ştefan Kornelius noyabrın 6-da deyib ki, Rusiya yığması buraxılsa, 2027-ci ilin mayında Almaniyada keçiriləcək xokkey üzrə dünya çempionatını təşkil etmək “faktiki olaraq mümkün olmayacaq”. DW-nin yazdığına görə, o, bu açıqlamanı Beynəlxalq Xokkey Federasiyası (IIHF), Almaniya Xokkey İttifaqı və Almaniya Olimpiya Komitəsi ilə məsləhətləşmələrdən sonra verib.

“Məqsədimiz turnirləri plana uyğun keçirməkdir. Amma Rusiya buraxılsa, boykotlar olacaq və bu, yarışları keçirməyi faktiki olaraq qeyri-mümkün edəcək. Ona görə də indi danışıqlar yolu ilə turniri yenə də keçirməyə imkan verəcək variantları araşdırmaq istəyirik”, - deyə Kornelius bildirib. Onun sözlərinə görə, boykot təhdidləri göstərir ki, beynəlxalq xokkey ictimaiyyəti İdman Arbitraj Məhkəməsinin (CAS) qərarına baxmayaraq Rusiyanın qayıdışını qəbul etmir.

CAS oktyabrın 30-da Rusiya Xokkey Federasiyasının apellyasiyasını təmin edib və IIHF-i Rusiya yığmalarını beynəlxalq turnirlərə buraxmağa məcbur edib. İsveç, Finlandiya, Çexiya və Latviyanın federasiyaları bundan sonra komandalarının Rusiya ilə oyunlardan imtina edəcəyini bildiriblər. DW-yə görə, 1993-cü ildən dünya çempionatının baş sponsoru olan Çexiyanın “Skoda” şirkəti də turniri dəstəkləməkdən imtina edəcəyi ilə hədələyib.

Almaniya Xokkey İttifaqının rəhbəri Frank Luts daha əvvəl Almaniyanın çempionatın ev sahibliyindən imtinasını “nəzərdən keçirməyin zəruri olduğunu” demişdi. Çempionatın Düsseldorf, Gelzenkirxen və Mannheymdə keçirilməsi planlaşdırılır. Kanadanın Baş naziri Mark Karni isə dekabrda Kanadada keçiriləcək gənclər arasında dünya çempionatına Rusiyanın buraxılmayacağını bildirib.

Leave A Reply