İran-Rusiya

Britaniyanın “The Telegraph” qəzeti yüksək vəzifəli iranlı rəsmiyə istinadla yazır ki, İranın Ali Rəhbəri Müctəba Xamenei Rusiya prezidenti Vladimir Putinə şəxsi məktub göndərib və ondan S-400 hava hücumundan müdafiə sistemləri istəyib. “Iran International”ın yazdığına görə, məktubu Moskvaya İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı Möhsün Rzai aparıb. Rzai noyabrın 5-də Moskvada Putinlə görüşüb.

Rəsminin sözlərinə görə, Tehran Putinin bu sistemləri verəcəyinə “nikbin” baxır. İran S-400-ləri illərdir almaq istəyir. Qəzetin yazısında razılaşmanın əldə olunduğu və ya çatdırılma vaxtı barədə məlumat yoxdur. Rzainin səfərindən əvvəl, bazar ertəsi Putinlə Rzai arasında telefon danışığı olub, ondan sonra yeni hərbi öhdəlik açıqlanmayıb. Rusiya tərəfi xəbərə hələlik münasibət bildirməyib.

“The Telegraph”a danışan analitiklərin fikrincə, Moskva İsrail və bölgənin digər dövlətləri ilə münasibətlərini korlamamaq üçün illərdir bu sistemləri İrana verməkdən çəkinir. Ukraynanın PUA və raket hücumları da Rusiyanın öz hava hücumundan müdafiəsinə ciddi yük yaradıb, bu da Moskvanın ayıra biləcəyi sistemlərin sayını məhdudlaşdırır. Qəzetin gördüyü məxfi sənədlərə görə, İran parlamentinin gizli komitəsi fevralda müharibə başlamazdan əvvəl Rusiya və Çinlə hərbi əlaqələrin gücləndirilməsini, hava hücumundan müdafiənin, raket və PUA-ların artırılmasını tövsiyə edib.

Bundan bir gün əvvəl “Financial Times” Rusiyanın İrana dəqiq idarə olunan raketlər üçün helikopterə quraşdırılan 90 buraxılış qurğusu verməyə razılaşdığını yazmışdı. Qəzetin gördüyü Rusiya istehsal cədvəlində alıcı İran üçün işlədilən kodla göstərilib. Sənədlərdən qurğuların çatdırılıb-çatdırılmadığı bilinmir.

Leave A Reply