ABŞ-İran
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) noyabrın 7-də İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə silah və sanksiyalı mal daşınmasının qarşısını almaq üçün “Dəmir Qapı” (Iron Gate) adlı işçi qrupu yaratdığını açıqlayıb. Qrupu komandanlığın rəhbəri admiral Bred Kuperin göstərişi ilə yaradılıb. Floridanın Tampa şəhərindəki qərargahda yerləşəcək qrup təxminən 20 mülki və hərbi mütəxəssisdən ibarətdir.
CENTCOM-un açıqlamasına görə, qrup ABŞ hökumətinin digər qurumları ilə birlikdə İranın quru sərhədləri və Xəzər dənizi üzərindən qabaqcıl silah sistemlərinin, ikili təyinatlı texnologiyaların, sanksiyalara məruz qalan materialların daşınmasının və bununla bağlı qanunsuz gəlir mənbələrinin qarşısını almağa çalışacaq. “Dəmir Qapı işçi qrupunun yaradılması dənizdə İrana qarşı tətbiq etdiyimiz sarsılmaz blokadanın uğurunu möhkəmləndirir”, - Kuper deyib. Onun sözlərinə görə, qurumlararası əməkdaşlıq İranın terrorizmi maliyyələşdirmək, silah istehsalı müəssisələrini yenidən qurmaq və hərbi ehtiyatlarını bərpa etmək imkanlarını daha da məhdudlaşdıracaq.
ABŞ-nin dəniz blokadası İranın Fars və Oman körfəzlərindəki limanlarını əhatə edir. CENTCOM-un məlumatına görə, blokada İranın 25 milyard dollardan çox xam neft ixracının qarşısını alıb. Yeni qrup isə quru və Xəzər marşrutlarına yönəlib. Komandanlıq konkret sərhəd keçidlərinin, tərəfdaş ölkələrin və tətbiq üsullarının adını çəkməyib. “Türkiye Today” nəşri İranın Türkiyə, Əfqanıstan, Türkmənistan və Pakistanla sərhədlərinin xüsusi qeyd olunduğunu yazır.
Xəzər dənizi İranı birbaşa Rusiya ilə birləşdirir, dənizin digər sahil ölkələri Azərbaycan, Qazaxıstan və Türkmənistandır. İran blokadanın götürülməsini Hörmüz boğazının yenidən açılmasının şərtlərindən biri kimi irəli sürür. Eyni gün İraqın xarici işlər naziri ABŞ-nin İraqdan İranla sərhəddəki iki keçid məntəqəsindən başqa hamısını bağlamağı rəsmən istədiyini təsdiqləyib.


