Rusiya-Ukrayna müharibəsi
Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Rusiyanın noyabrın 7-nə keçən gecə atdığı 36 ballistik raketdən Ukrayna hava hücumundan müdafiəsi yalnız dördünü vura bilib. Onun sözlərinə görə, səbəb “Patriot” sistemləri üçün raket-tutucuların ciddi çatışmazlığıdır və bu çatışmazlığı ilk növbədə ABŞ aradan qaldıra bilər. “Bütün səviyyələrdə tədarükləri sürətləndirmək və amerikalılara lazımi siqnalları çatdırmaq yollarını axtarırıq ki, Ukraynaya insanların həyatını qorumaq imkanı verilsin”, - Zelenski Telegram-da yazıb.
Zelenskinin sözlərinə görə, ilkin ekspertizaya əsasən, Rusiya ordusu Ukraynanın əsas enerji obyektlərindən birinə zərbədə Şimali Koreya istehsalı olan KN-23 raketləri işlədib. O, bunu Rusiyaya kömək edənlərə qarşı beynəlxalq sanksiyaların gücləndirilməsinin zəruriliyinə daha bir sübut adlandırıb. Zelenski Rusiyanın zərbələri məhz indi, danışıqlar ərəfəsində Kiyevə və müttəfiqlərinə təzyiq vasitəsi yaratmaq üçün gücləndirdiyini düşünür.
Ukrayna Silahlı Qüvvələri isə Rusiyanın Bryansk vilayətində iki “İskəndər” əməliyyat-taktiki raket kompleksinin buraxılış qurğusunu və “Pantsir-S1” zenit-raket kompleksini vurduğunu iddia edib. Ukrayna tərəfinə görə, bu, Rusiyanın Ukrayna şəhərlərinə ballistik raket zərbələri endirmək imkanlarını azaldır. Rusiya tərəfi bu iddiaya hələlik münasibət bildirməyib.
Gecə hücumunda Rusiya Kiyevə və digər bölgələrə 172 dron və 36 ballistik raket atıb, paytaxtda Şimal körpüsü zədələnib, işıq, istilik və su təchizatı pozulub. Həmin gün Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniyanın Ukraynaya daha “Patriot” verə bilməyəcəyini demişdi.


