Gözyaşardıcı qazın qadınlara təsiri

Fransada sentyabrdan davam edən etirazlarda polisin geniş istifadə etdiyi gözyaşardıcı qazın qadın sağlamlığına təsiri müzakirə mövzusuna çevrilib. “France 24”ün yazdığına görə, minlərlə qadın qaza məruz qaldıqdan sonra aybaşının kəskin ağrılı keçdiyini və qanaxmanın artdığını bildirib. Fəallar və tibb işçilərindən ibarət “Qan gözyaşardıcısı” kollektivi bu şikayətləri toplayır.

20 yaşlı Maeva qaza məruz qaldıqdan bir gün sonra aybaşının “adi vaxtdakından 10 dəfə ağrılı” olduğunu deyib. Kamilla isə aybaşısı bitdikdən iki gün sonra qazdan “kəskin ağrı və bol qanaxma” yaşadığını bildirib. Kollektivin üzvü, mama Yoan Voaanqi-Nirina deyib ki, təşəbbüs bu mövzuda ilk araşdırmalardan, o cümlədən 2020-ci ildə “Black Lives Matter” etirazlarından sonra ABŞ-nin Portlend şəhərində aparılan sorğudan ilhamlanıb. Sorğuda iştirak edən 2 200 nəfərin yarıdan çoxu qazdan sonra qarın sancısı, artmış qanaxma və digər sağlamlıq problemləri olduğunu bildirib. Mütəxəssislər gözyaşardıcı qazın reproduktiv sağlamlığa təsirinin daha çox araşdırılmalı olduğunu deyir.

Polis təkcə oktyabrın 17-də 22 min qaz balonu atıb. Parisin Respublika meydanında həmin gün çəkilən görüntülərdə balonların etirazçılara dəstək konserti verən orkestrin üzvləri arasına düşdüyü görünür. Yaxınlıqda ölən 59 yaşlı kişinin ailəsi ölümü qazla əlaqələndirir, yarılma onun “kəskin ürək-tənəffüs çatışmazlığından” öldüyünü göstərib, araşdırma davam edir. Etirazların əvvəlində yaxın məsafədən atılan qaz balonu Paris ətrafında 14 yaşlı məktəbli Edenin çənəsini sındırıb.

BMT İnsan Haqları üzrə Ali Komissarlığı 2020-ci ildə dərc etdiyi təlimatda gözyaşardıcı qazın böyük dozada tənəffüs və həzm yollarında toxuma nekrozuna, ağciyər ödeminə və daxili qanaxmaya səbəb ola biləcəyini yazıb. “Amnesty International” insan haqları təşkilatı 2018-ci ildən dünyada qazdan sui-istifadənin 500-dən çox halını sənədləşdirib, onun tərkibinə nəzarətin zəif olduğunu bildirib. “France 24”ə görə, şahidlər polisin bəzən xəbərdarlıq etmədən, hətta dar küçələrdə və məktəblərin yaxınlığında qaz işlətdiyini deyir.

Leave A Reply