Avropa Əbu-Dabi masasında
Fransanın xarici işlər naziri Jan-Noel Barro noyabrın 8-də RTL kanalına deyib ki, Əbu-Dabidə Ukrayna ilə bağlı keçiriləcək danışıqlarda avropalılar da təmsil olunacaq: “Fransa orada olacaq ki, Avropanın səsi eşidilsin”. Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin görüşü noyabrın 10-11-nə planlaşdırılıb, belə formatda sonuncu görüş fevralda olub.
Barro Fransanı kimin təmsil edəcəyini hələ deyə bilmədiyini bildirib, avropalıların danışıqlarda hansı formatda iştirak edəcəyinə dair təfərrüat verməyib. Nazirin sözlərinə görə, son həftələrdə Avropa ölkələri amerikalı vasitəçiyə qitənin gələcəyinə aid heç bir müzakirənin onların gözləntilərini və tələblərini nəzərə almadan keçə bilməyəcəyini çatdırıb. O, əvvəlki oxşar danışıqların bəzən avropalılarla, bəzən onlarsız keçdiyini xatırladıb.
Avropanın danışıqlarda kimin adından çıxış edəcəyi mübahisə mövzusudur. İtaliyanın Baş naziri Corca Meloni Avropa ölkələrinin dağınıq hərəkət etdiyini tənqid edib və vahid Aİ heyəti yaradılmasını təklif edib. Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas sülh sazişinin Avropa İttifaqı olmadan bağlanmamalı olduğunu deyib. Berlində isə avropalılarsız danışıqların nəticəsiz qalacağı bildirilir.
Danışıqlar Rusiyanın Ukraynanın energetika sisteminə zərbələrini artırdığı vaxta düşüb. Zelenski Moskvanı görüşdən əvvəl “bütün ölkəni işıqsız qoymaqla” təzyiq göstərməyə çalışmaqda ittiham edir.
Avropa ilə ABŞ arasında qitənin təhlükəsizliyi məsələsində də fikir ayrılığı var: “The Washington Post”un yazdığına görə, Cared Kuşner Rusiya-NATO Şurasını model götürməyi təklif edib, avropalı siyasətçilər isə bu mövzunun yalnız atəşkəsdən sonra müzakirə oluna biləcəyini deyir.
ABŞ prezidenti Donald Tramp noyabrın 8-də CBS kanalının “60 Minutes” proqramında razılaşmanın yaxın olduğunu deyib və Kiyevin bəzi ərazilərdən imtina etməli ola biləcəyinə işarə vurub: onun sözlərinə görə, müharibə bitəndən sonra Ukrayna “bir qədər fərqli formada” olacaq. Tramp hansı ərazilərdən söhbət getdiyini açıqlamayıb. O, Putinlə Zelenski arasında “böyük nifrət” olduğunu, müharibənin yalnız onun sayəsində bitəcəyini də bildirib. Zelenski isə əvvəlki açıqlamasında deyib: “Əlbəttə, Rusiya bizim ərazilərimizdən imtina etməyimizi istəyir. Biz isə qətiyyən heç nəyi güzəştə getmək istəmirik”.
ABŞ-nin Dövlət katibi Marko Rubio jurnalistlərə deyib ki, Cared Kuşner və Stiv Vitkoffun iştirak edəcəyi görüşdə “bəzi irəliləyiş” əldə oluna bilər. O, Ukrayna və Avropanın müharibədən sonrakı təhlükəsizlik quruluşu ilə bağlı müəyyən uğurlar olduğuna işarə edib, amma təminatların müzakirəsi üçün əvvəlcə “münaqişənin aşılması” lazım olduğunu vurğulayıb.
Kreml sözçüsü Dmitri Peskov noyabrın 9-da Trampın sözlərinə “Ukraynanın formasına gəlincə, coğrafi baxımdan bu, artıq başqa ölkədir, “yerdəki” reallıqlar göz qabağındadır” cavabını verib. Peskov Əbu-Dabidə yalnız Rusiya və Ukrayna arasında ABŞ-nin vasitəçiliyi ilə üçtərəfli danışıqların planlaşdırıldığını vurğulayıb. “Politico”nun mənbələrinə görə isə Britaniya, Fransa və Almaniya milli təhlükəsizlik müşavirləri səviyyəsində Əbu-Dabidə olacaq, amma çox güman ki, danışıqlara birbaşa qatılmayacaq.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen isə Aİ-nin Əbu-Dabidə tərəfdaşları ilə birlikdə təmsil olunacağını yazıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov gündəmin birinci bəndinin Rusiya, Ukrayna və regionun təhlükəsizliyi olduğunu deyib və bunu alqışlayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Trampla telefon danışığında İstanbulu yenidən danışıq yeri kimi təklif edib.


