Kuşnerin Rusiya-NATO modeli

ABŞ prezidentinin xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner Avropada yeni təhlükəsizlik arxitekturası barədə gələcək danışıqlar üçün Rusiya-NATO Şurasını model kimi götürməyi təklif edib. Bu barədə “The Washington Post” qəzetinin köşə yazarı Devid İqnatius danışıqların gedişindən xəbərdar olan mənbəyə istinadla yazıb.

İqnatiusun yazdığına görə, avropalı siyasətçilər Rusiya ilə dialoqa hazır olduqlarını, lakin təhlükəsizlik arxitekturasını yalnız Rusiya ilə Ukrayna arasında atəşkəs əldə olunandan sonra müzakirə edəcəklərini bildirib. Avropa ölkələrindən birinin yüksək vəzifəli siyasətçisi deyib: “Yanaşmamız dəyişməyib: bu məsələlər yalnız müharibədən sonra müzakirə oluna bilər”.

Kuşner noyabrın əvvəlində sosial şəbəkədə Vaşinqtonun bütün tərəflərin maraqlarını nəzərə alacaq yeni Avropa təhlükəsizlik sistemi üzərində işlədiyini yazıb. “Financial Times”ın yazdığına görə, bu açıqlama Avropa üçün tam gözlənilməz olub. Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas bildirib: “Bizim artıq Avropa təhlükəsizlik arxitekturamız var, NATO və Avropa İttifaqı müvafiq rolları yerinə yetirir”. “Politico” nəşrinin yazdığına görə, Avropa paytaxtları ABŞ-nin planının müttəfiqləri kənarda qoya biləcəyindən və Rusiyanın xeyrinə ola biləcəyindən ehtiyat edir.

Rusiya-NATO Şurası Moskva ilə alyans arasında əməkdaşlıq və hərbi-siyasi addımların əlaqələndirilməsi üçün 2002-ci ildə yaradılıb. Şuranın işi 2008-ci ildə Cənubi Osetiya müharibəsindən, 2014-cü ildə isə Krımın ilhaqından sonra dayandırılıb. Sonuncu iclas Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan bir ay əvvəl, 2022-ci ilin yanvarında keçirilib.

Leave A Reply