Ukrayna yardımında 7 milyard boşluq
NATO ölkələri bu il Ukraynaya vəd etdikləri hərbi yardımın təxminən 7 milyard avrosunu hələ tapa bilməyib. “Politico” nəşri alyansın adının çəkilməsini istəməyən üç diplomatına istinadla yazır ki, ilin sonuna iki aydan az qalıb və hədəfə çatılmaya bilər. Boşluğun dəqiq haradan yarandığı bəlli deyil, amma nəşrə görə, bu, Rusiyanın hücumlarını gücləndirdiyi vaxtda Ukraynanın qış üçün hava hücumundan müdafiə vasitələri almaq imkanlarını məhdudlaşdıra bilər.
Alyansın 32 üzvü iyulda Ankara sammitində Ukraynaya 2026-cı ildə 70 milyard avro hərbi yardım verməyə və 2027-ci ildə də eyni məbləği ayırmağa razılaşıb. Bu hədəfə ayrı-ayrı ölkələrin yardımları və Avropa İttifaqının Ukraynaya verdiyi 90 milyard avroluq kreditdən 30 milyard avro daxildir.
Boşluğa alyansın Avropa ölkələrinin ABŞ-dən “Patriot” raketləri kimi silahlar alıb Ukraynaya verdiyi PURL proqramı üzrə ödənilməmiş 1,9 milyard dollar da daxildir. Diplomatlar NATO baş katibi Mark Rüttenin PURL üçün bu ilə qoyduğu 15 milyard dollarlıq hədəfə də çatılacağına şübhə ilə yanaşır. Proqram 2025-ci ildə başlayandan bəri təxminən 9 milyard dollar toplayıb, ona 29 ölkə qoşulub.
Diplomatlardan biri dəfələrlə yardım paketlərini maliyyələşdirən ən böyük donorlarda “müəyyən yorğunluq” olduğunu deyib. ABŞ Donald Tramp Ağ Evə qayıtdıqdan sonra yeni yardımı demək olar ki, dayandırıb. Avropa ölkələrinin isə büdcə çətinlikləri artır, Almaniya, Niderland və Şimal ölkələri başqalarını daha çox pay ayırmağa çağırır.
NATO rəsmisi “Politico”ya müttəfiqlərin vədi yerinə yetirmək üçün dəstəyini davam etdirdiyini deyib. Rütte Tallində “qış yaxınlaşır, Rusiyanın təcavüzü davam edir, müttəfiqlər xüsusən hava hücumundan müdafiə üçün daha çox iş görməlidir” deyib. Məsələ noyabrın 17-də NATO iclasında müzakirə ediləcək, yeni vədlərin verilməsi gözlənilir.


