Xor Mor yatağına dron zərbəsi
İraqın şimalındakı muxtar Kürdüstan bölgəsində, Süleymaniyyə vilayətində yerləşən Xor Mor qaz yatağına noyabrın 8-i gecə dron hücumu olub. İraq və kürd rəsmilərinin məlumatına görə, obyektdə yanğın çıxıb, hasilat dayanıb, bölgənin 70 faizindən çoxu elektriksiz qalıb. Hücumu kimin etdiyi və onun ABŞ ilə İsrailin İrana qarşı müharibəsi ilə bağlı olub-olmadığı bilinmir.
İraq Kürdüstanı hökumətinin Elektrik Nazirliyinin sözçüsü Ömid Əhməd İraq Xəbər Agentliyinə (INA) deyib ki, hücum Ərbil, Süleymaniyyə, Bazyan, Çəmçamal və Duhokdakı elektrik stansiyalarına qaz verilişini kəsib. Onun sözlərinə görə, şəbəkədən 2 500-2 800 meqavat çıxıb. Nazirlik xəstəxanalar və su təmizləyici qurğular kimi vacib obyektləri su elektrik stansiyaları və alternativ yanacaqla işləyən stansiyalar hesabına təmin edəcək.
İraqın Baş naziri Əli əz-Zeydi ilkin qiymətləndirməyə əsasən ölən və yaralanan olmadığını bildirib. O, hücumun şəraitini araşdırmaq üçün Kürdüstan bölgəsinin müvafiq qurumları ilə birgə komissiya yaradılmasına göstəriş verib.
“Al Jazeera”nın Bağdaddakı müxbiri təhlükəsizlik mənbələrinə istinadla yazır ki, partlayıcı yüklü dron qaz anbarına dəyib, şəbəkənin gücü 70-80 faiz azalıb. Kanalın “Sanad” fakt yoxlama bölməsi yataq ətrafından qalxan alov və tüstü görüntülərinin həqiqiliyini təsdiqləyib. Keçən il də eyni obyekt dronla vurulmuş, məsuliyyəti heç bir qrup üzərinə götürməmişdi.


