Rusiyaya qarşı dəniz tərəfdaşlığı
Britaniyanın başçılıq etdiyi Birgə Ekspedisiya Qüvvələrinin (JEF) 10 üzvü noyabrın 10-da hərbi dəniz qüvvələrinin tərəfdaşlığı barədə saziş imzalayacaq. Bunu Britaniya silahlı qüvvələrinin rəhbəri, baş aviasiya marşalı Riçard Nayton “Financial Times” qəzetinə deyib. Nayton əsas vəzifələrdən biri kimi müharibə vaxtı gəmiçiliyi vura biləcək Rusiya sualtı qayıqlarının qarşısını almağı göstərib.
Saziş Osloda “HMS Prince of Wales” təyyarədaşıyan gəmisində, “Atlantic Future Forum” konfransından əvvəl imzalanacaq. JEF-ə Britaniya, Danimarka, Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Niderland, Norveç və İsveç daxildir. Naytonun sözlərinə görə, bu saziş ilə ölkələr “anlaşma memorandumlarından və məsləhətləşmələrdən” donanmaların, hərbi hava qüvvələrinin və orduların birgə işinə dair praktik addımlara keçəcək.
Nayton Rusiyanı əsas təhlükə adlandırıb və Moskvanı Avropada və Britaniyada sui-qəsd, təxribat və kiberhücumlarda ittiham edib: “Bunlar Rusiya dövlətinin real hərəkətləridir, onların sübutları bizdə var”. O, Britaniyanın Rusiyaya coğrafi olaraq daha yaxın olan müttəfiqlərinə “çatmalı” olduğunu deyib.
“Financial Times”ın yazdığına görə, addım həm də ABŞ prezidenti Donald Trampın Şimali Avropa ölkələrini öz müdafiəsi üçün daha çox məsuliyyət götürməyə çağırışına cavab sayılır, çünki bu regiondan həyati əhəmiyyətli sualtı məlumat kabelləri keçir. Nayton isə ABŞ-nin diqqətinin Avropadan Hind-Sakit okean regionuna yönəlməsinin 15 ildən çox əvvəl başladığını deyib.


