Kirişi zavoduna dron zərbəsi

Ukrayna dronları noyabrın 9-na keçən gecə Leninqrad vilayətinin Kirişi şəhərindəki “Kirişinefteorqsintez” (KINEF) neft emalı zavoduna hücum edib. Vilayət qubernatoru Aleksandr Drozdenko əvvəlcə sənaye zonasına dron düşdüyünü bildirib, sonra isə “KINEF”in ərazisinə dəyən dronlar olduğunu açıqlayıb. Onun sözlərinə görə, vilayət üzərində 113 dron vurulub, qəlpələr Kirişidəki mənzillərdən birinə və Vsevolojskdə çoxmərtəbəli binanın damına düşüb.

Rusiya Müdafiə Nazirliyi bazar günü saat 20:00-dan bazar ertəsi saat 08:00-a qədər ölkə üzərində 430 Ukrayna dronunun vurulduğunu bildirib. Ukrayna zərbə barədə hələlik rəsmi açıqlama verməyib. Müstəqil “Astra” nəşri yayılan videoları təhlil edərək zavodda yanğın olduğunu yazır. Nəşrin məlumatına görə, sakinlər güclü partlayışlardan və çoxmənzilli binanın təxliyə edildiyindən danışır.

“Surqutneftqaz” şirkətinə məxsus zavod Sankt-Peterburqdan təxminən 100 kilometr cənub-şərqdə yerləşir. Layihə gücü ildə 20-21 milyon ton olan müəssisə son illər ildə təxminən 18 milyon ton neft emal edib, bu da Rusiyadakı ümumi emalın 7 faizinə yaxındır. “Surqutneftqaz” 2025-ci ildə ABŞ, Britaniya və Aİ-nin sanksiyalarına düşüb, zavodun adı da sanksiya sənədlərində keçir.

KINEF müharibə boyu dəfələrlə hədəf olub. Avqustun 30-da hücumdan sonra iki ilkin emal qurğusu zədələndiyi üçün zavod emalı tamamilə dayandırmışdı. Noyabrın 9-da Rusiyada “Rosneft”in bütün bölgələrdə yanacaq satışına limit qoyduğu da bildirilib.

“Azadlıq Radiosu” KINEF-i Rusiyanın ikinci ən böyük neft emalı zavodu adlandırır. Qubernator Drozdenko sonradan zavoddakı yanğının lokallaşdırıldığını bildirib.

Leave A Reply