Rusiyada yanacağa limit
“Rosneft” şirkəti Rusiyanın bütün bölgələrindəki yanacaqdoldurma məntəqələrində yanacaq satışına məhdudiyyət tətbiq edir. Bunu Zabaykalye diyarının İqtisadi İnkişaf Nazirliyi bildirib. Nazirliyin məlumatına görə, şəhər məntəqələrində bir dəfəyə 30 litr, magistrallarda isə 50 litr yanacaq almaq olar. Digər təfərrüat verilmir.
“Kommersant” qəzeti Krasnoyarskdakı məntəqələrdə benzin və dizel yanacağına limit qoyulduğunu yazır: bir maşına 30 litr AI-95, 50 litr AI-92 satılır, dizel üçün limit 100 litrdir, kanistrə yanacaq verilmir. Kareliyanın başçısı Artur Parfençikov noyabrın 8-də eyni məhdudiyyəti açıqlayıb: şəhərlərdə 30, magistrallarda 50 litr benzin. Arxangelsk və Penzadakı sürücülər, həmçinin Buryatiya hakimiyyəti də “Rosneft” məntəqələrindəki limitlər barədə məlumat verib.
Məhdudiyyət şirkətin zavodlarına Ukrayna dronlarının son hücumlarından sonra gəlib. Oktyabrın 30-da Samara vilayətindəki Novokuybışevsk, oktyabrın 31-də Ufadakı “Başneft-Novoyl”, noyabrın 5-də isə Ryazan vilayətindəki zavod hədəf olub. Noyabrın 9-a keçən gecə isə “Surqutneftqaz”a məxsus Kirişi zavoduna hücum edilib.
“Bloomberg” agentliyinin məlumatına görə, “Rosneft”də hesab edirlər ki, müharibənin daha bir neçə ay davam etməsi şirkətin biznesinə uzunmüddətli zərər vura bilər. “Rosneft” Rusiyanın ən böyük neft şirkətidir.
Leninqrad vilayətinin operativ qərargahı da yanacaqdoldurma məntəqələrinə bir nəfərə 30 litr benzin və 50 litr dizel satmağı tövsiyə edib. Qubernator Aleksandr Drozdenko bunu iri neft şirkətlərinin limit qoyması və “ajiotaj tələbin qarşısını almaq” zərurəti ilə izah edib.


