Marsel dəstələrində uşaqlar
BBC Fransanın ikinci böyük şəhəri Marseldə narkotik dəstələrinin uşaqları necə cəlb etdiyi barədə araşdırma yayımlayıb. Nəşrin yazdığına görə, dəstələr sosial şəbəkələrdə qatil axtarır, gəncləri bütün Fransadan təkcə narkotik satmaq üçün deyil, oğurluq, işgəncə və qətl üçün də cəlb edir. Rəsmi məlumata görə, 2025-ci ildə 10 mindən çox uşaq bu və ya digər şəkildə narkotik ticarətinə qarışıb.
Bir məhkəmə işində 2022-ci ildə Marselin yaşayış massivində narkotik alan qadına satıcı yeniyetmənin qeyd verdiyi deyilib: “Bizi girov saxlayırlar, kömək lazımdır. 15 yaşımız var”. Məhkəmədə bildirilib ki, iki oğlan satışdakı “kəsir”ə görə mütəmadi döyülüb, şantaj üçün kamera qarşısında soyundurulub, biri zorlanıb. İki yeniyetmə ikinci mərtəbədən qaçmağa çalışıb, biri qaçıb, digəri tutulub, döyülüb və bıçaqlanıb, amma sağ qalıb. Altı kişi ağır cəza alıb.
BBC-yə görə, ən güclü dəstə “DZ Mafia”dır. Fransanın narkotik qaçaqmalçılığına qarşı bölməsinin rəhbəri Dimitri Zulas deyir ki, dəstə 2023-cü ildə video bəyanatlarla sosial şəbəkədə özünü “brend” kimi tanıdan ilk Fransa dəstəsi olub. Zulasa görə, ölkədə kokain istifadəçilərinin sayı 2017-ci ildəki 600 mindən tezliklə iki milyona çata bilər, qaçaqmalçılıq ildə 7 milyard avro gətirir və 200 min nəfəri əhatə edir.
Dəstədən çıxdığını deyən 20 yaşlı Kamil BBC-yə bahalı maşın və mənzillə gəncləri necə cəlb etdiklərini danışıb: “Başının içinə girməyi bilirlər”. Bir neçə qətldə ittiham olunan və məhkəməni gözləyən Adam (adı dəyişdirilib) isə həbsxanadan deyir ki, “soyuqqanlılığı” sayəsində dəstədə yüksəlib. Fransanın şimalından olan Karin isə oğlu Hüqonun 2023-cü ildə Marsel yaxınlığında “restoranda işlədiyini” deyib getdiyini, üç həftə sonra həkimin zəng vurub oğlunun başına güllə dəydiyini bildirdiyini danışıb. Polis gəncin dəstə ilə əlaqəsi olduğundan şübhələnir.


