Fermerlərə yeni vergi yükü
Vergi Məcəlləsinə dəyişiklik layihəsinə görə, 2027-ci il yanvarın 1-dən Azərbaycanda fermerlərin gəlir və mənfəət vergisindən 100 faiz azad olunması qaydası beş il müddətinə 90 faizlik güzəştlə əvəz ediləcək. Bu, kənd təsərrüfatı istehsalçılarının gəlirinin 90 faizinin vergidən azad qalması, qalan 10 faizinin isə ümumi qaydada vergiyə cəlb edilməsi deməkdir. Sadələşdirilmiş vergi üzrə tam azadolma müəyyən şərtlərlə daha beş il qalacaq.
Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli noyabrın 6-da Milli Məclisin komitə iclasında deyib ki, dəyişikliklər aqrar sektorda uçotu genişləndirmək məqsədi daşıyır. Güzəştdən istifadə üçün fermerlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatda olmalı, gəlirlərini vergi bəyannamələrində göstərməlidirlər. Xidmətin hesablamasına görə, 2027-ci ildə bu dəyişikliklərdən büdcəyə 14,1 milyon manat əlavə gəlir daxil olacaq.
Abzas Media-nın yazdığına görə, iqtisadçı Akif Nəsirli əsas problemin verginin məbləğindən çox yeni uçot tələbləri olduğunu deyir: mühasibat təcrübəsi olmayan kiçik fermerlər daha çox təsirlənə bilər. Onun fikrincə, güzəştin azaldılması ərzaq qiymətlərinə müəyyən təsir göstərə bilər, amma maya dəyərinə toxum, gübrə, yanacaq və suvarma xərcləri daha çox təsir edir.
Azadlıq Radiosuna danışan, 10 ilə yaxındır tərəvəzçiliklə məşğul olan Vəli Tağızadə deyir ki, məhsulun satış qiyməti artan xərcləri ödəmir: “Məhsulu bazara çıxaranda qiyməti biz müəyyən etmirik. Bəzən çəkdiyimiz xərci belə güclə çıxarırıq. İndi də vergi məsələsi ortaya çıxıb”. Dəyişiklik hökumətin 2027-ci il üçün Neft Fondundan transferti 11,9 milyard manata endirmək və qeyri-neft gəlirlərini artırmaq planının bir hissəsidir.


