Mertsdən Putinə açıq qapı

Almaniyanın kansleri Fridrix Merts “Westfalenpost” qəzetinə deyib ki, Rusiya prezidenti Vladimir Putin dekabrın 14-15-də Mayamidə keçiriləcək G20 sammitinə gəlsə, onunla söhbətdən qaçmayacaq. “Siyasətdə fikri sizinkindən tamamilə fərqli olan insanlarla da danışmaq lazımdır. Əgər o orada olsa, söhbət imkanından yayınmayacağam”, - Merts bildirib.

Almaniya kansleri ilə Rusiya prezidenti arasında Mertsin 2025-ci ilin mayında vəzifəyə gəlməsindən bəri təkbətək görüş və ya telefon danışığı olmayıb. 2025-ci ilin iyununda Merts Putinlə telefonla danışmaq niyyətində olmadığını demişdi. Bu ayın əvvəlində o, ARD kanalına görüşün şəraitdən asılı olduğunu, “Ukrainska Pravda” nəşrinin yazdığına görə isə sammitdə müharibə müzakirə olunacaqsa, Ukraynanın da təmsil olunmalı olduğunu bildirmişdi.

G20-yə bu il ABŞ sədrlik edir. Vaşinqton Putini sammitə dəvət edib, Rusiya G20 üzvü olsa da, Putin 2019-cu ildən bəri bu sammitlərdə şəxsən iştirak etməyib. Kreml sözçüsü Dmitri Peskov Putinin Merts və Fransa prezidenti Emmanuel Makron da daxil olmaqla hamı ilə dialoqa açıq olduğunu deyib, amma sammitə səfər barədə tələsməməyi məsləhət görüb.

Mertsin sözləri Avropada Moskva ilə birbaşa təmas barədə mübahisənin kəskinləşdiyi vaxta düşüb. Norveçin Baş naziri Yonas Qar Styore noyabrın 9-da Avropanın Moskva ilə danışmamasını “illüziya” adlandırıb. Noyabrın 10-11-də isə Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin danışıqları keçiriləcək.

Leave A Reply