EIB “Bank Respublika”ya keçib
Avropa İnvestisiya Bankı (EIB) “Bank Respublika” ilə “AccessBank”ın birləşməsi sövdələşməsində “AccessBank”dakı adi səhmlərini satıb, əvəzində pul kompensasiyası və “Bank Respublika”nın imtiyazlı səhmlərini alıb. Bu barədə EIB “Report” agentliyinin sorğusuna cavabında bildirib.
“EIB-nin imtiyazlı səhmlərə malik olması sövdələşmənin razılaşdırılmış strukturu ilə şərtlənir və kapitala yeni strateji investisiya qoyuluşu deyil”, - bankdan bildirilib. EIB-nin sözlərinə görə, bank 2014-cü ildən “AccessBank”a mikro, kiçik və orta müəssisələrin kreditə çıxışını genişləndirən maliyyələşdirmə mexanizmləri ilə dəstək göstərib.
“Bank Respublika” “AccessBank”ın səhmlərinin 100 faizini alıb, “AccessBank”ın keçmiş səhmdarları “Bank Respublika”nın səhmdarlarına çevrilib. “Reuters” agentliyinin yazdığına görə, satıcı beynəlxalq maliyyə qurumlarına birlikdə “Bank Respublika”da 25 faiz pay verilib, sövdələşmənin maliyyə şərtləri açıqlanmayıb. Birləşmiş bankın aktivləri 4,5 milyard manat, kredit portfeli 3,3 milyard manat olacaq.
Rəsmi olaraq “Bank Respublika”nın təxminən 90 faizi Quliyev qardaşlarına məxsusdur, ən böyük səhmdar 63 faizdən çox payla Natiq Quliyevdir. “AccessBank”ın sədri David Tsiklauri bankdan ayrılıb, onu “Bank Respublika”nın sədri Tariyel İsmayılov əvəzləyib. Hüquqi birləşmə başa çatanadək iki bank ayrı brendlərlə işləyəcək.


