Livan konsuluna “persona non grata”
ABŞ Dövlət Departamenti Livanın Detroitdəki baş konsulu İbrahim Şərarəni noyabrın 6-da “persona non grata” elan edib. “L’Orient Today” qəzetinin yazdığına görə, bunun səbəbi ona aid edilən, 2021-ci il oktyabrın 21-23-də paylaşılan və Hizbullahın 1983-cü ildə Beyrutda ABŞ dəniz piyadalarının kazarmasına hücumunu təriflədiyi iddia olunan yazılardır. Həmin hücumda 241 amerikalı hərbçi ölmüşdü.
Şərarə noyabrın 8-də ABŞ-ni tərk edib. “Al-Jadeed” kanalının yaydığı görüntülərdə o, hava limanında yaxınları ilə vidalaşaraq “vəzifəmi yerinə yetirdim” deyib. Ona yaxın mənbə yazıların hesabı sındırıldıqdan sonra paylaşıldığını bildirib.
Dövlət Departamentinin mənbəsi KİV-ə deyib: “Ölkəmizdə terror hücumlarını qeyd edən və ya onlara haqq qazandıran heç kimə yer yoxdur”. Mənbənin sözlərinə görə, departament xarici diplomatik nümayəndəliklərin üzvləri ilə bağlı məlumatları daim nəzərdən keçirir.
Livanın xarici işlər naziri Co Racci Monrealdan MTV kanalına deyib ki, Detroitə yeni baş konsul təyin olunanadək “xüsusi missiya” ilə diplomat göndəriləcək. Onun sözlərinə görə, “Livan beynəlxalq konvensiyalara və diplomatik normalara hörmət edən ölkədir”. Qəzet bunu 2026-cı ilin martında “persona non grata” elan olunan, amma ölkəni tərk etməyən İran səfirinə işarə kimi yozur. Miçiqan ştatında böyük Livan icması yaşayır.


