Tehranda sərtləşən nəzarət

“Al Jazeera” yazır ki, İran hakimiyyəti ABŞ-nin yeni hücumları təhlükəsi fonunda daxili təhlükəsizlik tədbirlərini gücləndirir. Hakimiyyət ictimaiyyəti etiraz edəcəyi təqdirdə ağır cəzalarla bağlı xəbərdar edir, aylarla yumşaldılan geyim nəzarətini ictimai yerlərdə yenidən artırır. Kanalın yazdığına görə, bu yolla hakimiyyət səkkiz aylıq müharibədən sonra İslam Respublikasının prinsiplərindən geri çəkilməyəcəyini göstərmək istəyir.

Noyabrın 8-də məhkəmə orqanları yanvardakı ümummilli etirazlar zamanı saxlanılan üç gənc kişinin, Həsən Divbəndin, Həmid Kazıminin və Rza Zəngənənin edam edildiyini açıqlayıb. Onlar Tehran yaxınlığında dövlət idarələrinə hücumda və ictimai əmlaka ziyan vurmaqda ittiham olunurdu. Hakimiyyət yanvar etirazlarını ABŞ və İsraillə bağlı “terrorçuların” “çevriliş” cəhdi adlandırır.

BMT-nin müstəqil faktaraşdırma missiyası isə hakimiyyətin etirazların yatırılması zamanı insanlığa qarşı cinayət törətdiyi qənaətinə gəlib. İnsan haqları təşkilatlarının məlumatına görə, əsasən 8-9 yanvar gecələrində minlərlə insan öldürülüb. Xaricdəki insan haqları təşkilatları bir çox siyasi işdə işgəncə və məcburi etiraf iddiaları olduğunu bildirir, “Al Jazeera”nın yazdığına görə, bu il ən azı 79 nəfər siyasi və ya dini ittihamlarla edam olunub.

Qətər Universitetinin Körfəz Araşdırmaları Mərkəzinin direktoru Məhcub Züveyri kanala deyib ki, hakimiyyət tərəfdarlarını açıq şəkildə səfərbər edə bilib: “Onların arasında təkcə SEPAH yox, bəzi mülki şəxslər də var və bu, müharibə bitənədək davam edəcək”.

Leave A Reply