Miqrantlara taksi qadağası

Rusiya hökuməti 2027-ci ildən səkkiz bölgədə əcnəbilərin taksi sahəsində işləməsini qadağan etməyi planlaşdırır. “Vedomosti” qəzetinin yazdığına görə, Əmək Nazirliyinin hazırladığı hökumət qərarı layihəsi Mordoviya, Çuvaşiya, Tatarıstan və Udmurtiya respublikalarını, Sverdlovsk, Orenburq və Ulyanovsk vilayətlərini, Yəhudi Muxtar Vilayətini əhatə edir. Kaluqa vilayətində isə əcnəbilərin kuryer kimi işləməsinə qadağa qoyulması təklif olunur.

Layihəni oktyabrın sonunda Rusiya Üçtərəfli Komissiyası təsdiqləyib, növbəti mərhələdə sənədi Baş nazir Mixail Mişustin imzalamalıdır. “Azattyq Asia”nın yazdığına görə, məhdudiyyətlər Rusiyada patentlə işləyən Tacikistan və Özbəkistan vətəndaşlarına şamil oluna bilər.

Qadağalar Avrasiya İqtisadi İttifaqına üzv olan Qırğızıstan, Qazaxıstan, Ermənistan və Belarus vətəndaşlarına aid deyil. Azərbaycan bu ittifaqın üzvü deyil. Rusiyada müvəqqəti yaşama icazəsi və ya yaşayış vəsiqəsi olan əcnəbilər, eləcə də yüksəkixtisaslı mütəxəssislər üçün də istisna nəzərdə tutulub.

Mordoviyada qadağa yol qəzalarının statistikası ilə əsaslandırılıb: Regional Daxili İşlər Nazirliyinin məlumatına görə, 2024-2025-ci illərdə burada əcnəbilərin iştirakı ilə 24 yol qəzası baş verib, onlardan altısı ölümlə nəticələnib. Rusiya son illər əcnəbilərin ölkədə qalma və işə düzəlmə qaydalarını sərtləşdirir. 2026-cı ilin birinci yarısında Özbəkistan vətəndaşlarının işləmək üçün Rusiyaya səfərlərinin sayı 13,2 faiz azalıb, Tacikistandan girişlər isə 17,9 faiz düşüb.

Leave A Reply