Qətərin Hörmüz vasitəçiliyi
ABŞ prezidenti Donald Tramp noyabrın 9-da Ağ Evdə Qətərin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdürrəhman Al Sani ilə qapalı görüş keçirir. “Reuters”ə danışan ABŞ rəsmisinin sözlərinə görə, vitse-prezident Cey Di Vens də onunla görüşəcək. Şeyx Məhəmməd Vaşinqtonla Tehran arasında vasitəçi kimi çıxış edir.
“Al Jazeera”nın yazdığına görə, İran bu ayın əvvəlində Qətər vasitəçiləri ilə ABŞ-yə yeni nüvə və sülh təklifi verib, təklif Vaşinqton Tehranın yeddi tələbini qəbul etdikdən sonra müzakirə olunacaq. İran xarici işlər naziri Abbas Əraqçi iki günlük planı belə izah edib: “Birinci gün ABŞ bir sıra tədbirlər görür. İkinci gün Hörmüz boğazı açılır və gəmiçilik əvvəlki vəziyyətinə qayıdır”.
Tehranın tələbləri arasında İslamabad anlaşmasının pozulmasından sonra tətbiq olunan sanksiyaların ləğvi, ABŞ-nin bölgədəki hərbi varlığının azaldılması, neft güzəştlərinin bərpası, Qətərdəkilər də daxil olmaqla dondurulmuş İran vəsaitlərinin azad edilməsi var. İran həmçinin Omanla işlənmiş yeni gəmiçilik marşrutunun tanınmasını və İsrailin Livana hücumları da daxil olmaqla bütün cəbhələrdə müharibənin dayandırılmasını istəyir.
ABŞ-nin Dövlət katibi Marko Rubio bu tələbləri “absurd” adlandırıb. Əraqçi isə ABŞ hücumları bərpa etsə, “cəhənnəm yağdıracaqlarını” deyib. Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatına görə, İranda 60 faizə qədər zənginləşdirilmiş 440,9 kiloqram uran var.


