Babalının “Baku TV” şikayəti

“Abzas Media işi” üzrə 9 il azadlıqdan məhrum edilən jurnalist Hafiz Babalı “Baku TV”yə qarşı məhkəmə işində prosessual və inzibati maneələrlə üzləşdiyini bildirir. Yaxınlarının “Abzas Media”ya verdiyi məlumata görə, Babalı Bakı Apellyasiya Məhkəməsinin qərarının ona rəsmi qaydada təqdim edilmədiyini, saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin isə kassasiya şikayəti üçün ərizəsini qəbul etmədiyini iddia edir.

Babalı “Baku TV”nin efirində haqqında böhtan xarakterli məlumat yayıldığını bildirərək məhkəməyə müraciət edib, təkzib, üzr və mənəvi zərərə görə 50 min manat kompensasiya tələb edib. Nəsimi Rayon Məhkəməsi iddianı rədd edib, Bakı Apellyasiya Məhkəməsi aprelin 22-də həmin qərarı qüvvədə saxlayıb.

Məhkəmə qərarın aprelin 29-da Elektron Məhkəmə Sistemində yerləşdirildiyini bildirsə də, Babalı bunun daha gec baş verdiyini iddia edir. Onun sözlərinə görə, belə olsaydı, həm özünün, həm də vəkilinin telefon nömrələrinə və elektron poçtlarına bildiriş gəlməli idi, amma heç biri bildiriş almayıb. Jurnalist deyir ki, nəticədə kassasiya şikayəti üçün müddətin ötürüldüyü əsas gətirilib. O, işi Avropa İnsan Hüquqları Məhkəməsində davam etdirməyi planlaşdırır, “Qafqazinfo”, ATV və “İki Sahil” qəzetinə qarşı işlərdən də oraya şikayət edib.

Babalı 2023-cü ilin dekabrında “Abzas Media işi” çərçivəsində həbs olunub. 2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi qaçaqmalçılıq və digər maddələr üzrə onu 9 il azadlıqdan məhrum edib. Jurnalistlər ittihamları rədd edir, işi korrupsiya araşdırmalarına görə təqib adlandırır.

Leave A Reply